Nov 27 2019 13:40
Elshad Aliyev
Views: 78

NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun başçılıq etdikləri nümayəndə heyətlərinin Bakıda keçirdikləri görüş Prezident İlham Əliyevə, dövlətimizə olan yüksək etimadın göstəricisidir. Dünyanın güc mərkəzlərinin qlobal geosiyasi məsələlərin müzakirəsi üçün ölkəmizin paytaxtını seçmələri Azərbaycana beynəlxalq birliyin nüfuzlu üzvü kimi verilən yüksək dəyərdən xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının Bakıda görüşlər keçirməsi ənənəyə çevrilib. Artıq üçüncü ildir ki, bu ənənə davam edir. Bu görüşlərin Bakıda keçirilməsinin əsas səbəbləri Azərbaycan Prezidentinin beynəlxalq hüququn prinsiplərinin və təhlükəsizlik mexanizmlərinin qorunmasının tərəfdarı kimi çıxış etməsi və bu müstəvidə mütəmadi olaraq çox önəmli mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması, etibarlı tərəfdaş olması, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilidir.

Ekspertin sözlərinə görə, ölkəmizin regionda və dünyada gedən proseslərə, münaqişələrin həllinə ayrı-ayrı güclərin deyil, beynəlxalq hüququn norma və prinsiplərindən yanaşması da qlobal güclərin seçiminə öz müsbət təsirini göstərir.

“Artıq “nə üçün Bakı” sualına heç kim cavab axtarmır. Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq üçün çox çətin mərhələlərdən, kataklizmlərdən keçib. Ölkəmiz regional miqyaslı təsirlərdən dünya miqyaslı, kütləvi tədbirlərin təşkilinədək çox önəmli mərhələləri uğurla adlayıb”, - deyə Elçin Mirzəbəyli bildirib. O əlavə edib ki, Bakı bütün meyarlarına görə dünyanın iki nəhəng güc mərkəzinin hərbi rəhbərlərinin bir araya gəlməsi, nəinki konkret regionun, bütövlükdə dünyanın problemlərinin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilib. Şübhəsiz ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin başqa səbəbləri də var. Bu, Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Şərqlə Qərb arasında körpü rolunu oynamasıdır.

Siyasi ekspert qeyd edib ki, Azərbaycan dövlətinin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri də Azərbaycan liderinin şəxsi nüfuzu, dövlətimizin regional və qlobal proseslərdə fəal rol oynaması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın həm Rusiya, həm də NATO ilə normal əməkdaşlıq münasibətləri var. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında fəal iştirak edir.

E.Mirzəbəyli bildirib ki, görüşün Azərbaycan üçün siyasi əhəmiyyəti növbəti dəfə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki önəmli rolunun dünyanın iki əsas güc mərkəzi tərəfindən qəbul olunması və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlıdır. Görüş NATO üzvü olan ölkələr və Rusiya, bütövlükdə dünya üçün də mühüm hərbi və siyasi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə müzakirə olunan məsələlər bəşəriyyəti narahat edən məsələlərdir.


Create Account



Log In Your Account