Mar 06 2020 14:46
Elshad Aliyev
Views: 181

Martın 5-də Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü bütün dünyanın həyəcanla izlədiyi İdlib böhranına son qoymaq üçün imkan yaratdı.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində böhranın gərginləşməsindən sonra ilk dəfə Moskvada görüşdülər.

Rusiya Prezidenti iki ölkə liderlərinin şəxsi mehriban münasibətlərinin tərəflər arasında böhranlı məqamların dinc yolla həllinə yol açdığını vurğuladı. O, İdlibdə Türkiyə hərbçilərinin həlak olması ilə bağlı Prezident Ərdoğana başsağlığı verərək, əlavə etdi ki, həm Rusiya, həm də Suriya türk hərbçilərinin burada yerləşməsindən xəbərsiz olub.

Danışıqlar əvvəlcə təkbətək formatda başladı. İki lider arasında bu format görüş 3 saata yaxın etdi, sonradan onlara nümayəndə heyətlərinin üzvləri də qoşuldu.

Danışıqların yekununa dair Kremldə keçirilən mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan Suriyadakı rejim qüvvələrinin Soçi razılaşmasının bəndlərini pozduğunu və 1,5 milyon qaçqının Türkiyə sərhədində toplaşmasının ölkəsinin bölgədə əməliyyatlara başlamasına səbəb olduğunu diqqətə çatdırdı. Daha sonra tərəflər İdlib münaqişəsinin həllinə dair razılığa gəldiklərini elan etdilər.

İki ölkə arasında İdlib məsələsi ilə bağlı imzalanan memorandumda martın 6-na keçən gecədən etibarən İdlibdə atəşin dayandırılması, Suriyada M4 yolundan 6 kilometr Şimala və Cənuba doğru təhlükəsizlik dəhlizinin yaradılması, martın 15-dən etibarən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçilərinin birgə patrul həyata keçirməsi barədə bəndlər əksini tapıb.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya Prezidenti Vladimir Putini həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqları uğurla başa vurması münasibətilə təbrik edib. Elə həmin axşam ölkə başçısı ilə görüşdə o deyib ki, bu danışıqlar dünya üçün olduqca əhəmiyyətli idi. Rusiya parlamentinin spikeri iki liderin təkcə Yaxın Şərqdə deyil, eləcə də Avropada və bütün dünyada sülhün, təhlükəsizliyin və sabitliyin dəstəklənməsinə imkan verən qərar qəbul etməsini sevindirici hal adlandırıb.

Türkiyəli analitik İmbat Muqlu TASS agentliyinə müsahibəsində bildirib ki, Rusiya və Türkiyə prezidentlərinin razılığa gəlməsi Suriya rəhbərliyi üçün müsbət haldır. O vurğulayıb ki, İdlib böhranı Türkiyə və Rusiya arasında münasibətlərə mənfi təsir göstərməyib. Ekspert Türkiyənin İdlibdə atəşkəsə hər vəchlə nail olmağa çalışdığını diqqətə çatdıraraq deyib ki, hər dəfə bu bölgədə silah tətbiq olunanda qaçqınlar Türkiyə sərhədinə doğru üz tuturlar və Türkiyə bu problemlə tək üz-üzə qalmalı olurdu.

Qeyd edək ki, fevralın 27-dən sonra Türkiyə Yaxın Şərqdən olan qaçqınlar üçün Avropa İttifaqı ilə sərhədi açdığını elan etmişdi. Xüsusən Yunanıstan ilə sərhəddə gərgin vəziyyət yaranmışdı. Burada polis qaçqınları sərhəddən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olmuşdu. Buna baxmayaraq, Türkiyədən Yunanıstana 140 minə yaxın qaçqının keçdiyi bildirilir.

Dövlət Duması Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan danışıqlar Moskva ilə Ankaranın tərəfdaşlıq münasibətlərini qoruyub saxladığını sübuta yetirdi. O deyib ki, iki ölkə terrorizmlə mübarizə və Suriya münaqişəsinin tezliklə həlli məsələsində ortaq mövqe nümayiş etdiriblər. Rusiyalı deputat ölkəsinin Türkiyə ilə həm siyasi, həm də iqtisadi sahədə, eləcə də parlament diplomatiyası istiqamətində tərəfdaşlığı davam etdirəcəyini vurğulayıb.


Create Account



Log In Your Account