Apr 22 2020 18:07
Elshad Aliyev
Views: 127

"Rusiya Ermənistanı Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı tələsdirir”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planı ilə bağlı bəyanatına "Ermənistan heç bir ərazi güzəştinə getmək fikrində deyil" bəyanatı ilə cavab verməsini şərh edən rusiyalı siyasi ekspert bu bəyanatın Rusiya üçün gözlənilməz olduğunu söyləyib: "Bu nizamlanman modeli 10 ildən çoxdur ki, hazırlanıb. Bu, Kazan formuludur, hansı ki, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana geri qaytarmasını özündə ehtiva edir. Azərbaycan isə bunun qarşılığında Ermənistan və Dağlıq Qarabağ bölgəsinin iqtisadi blokadasını tam aradan qaldırır. Eyni vaxtda Qarabağın statusu ilə bağlı danışıqlar meydanı formalaşdırılır. Bununla bərabər, ona təhlükəsizlik zəmanəti verilir. Bu təhlükəsizlik zəmanəti  Ermənistanla Dağlıq Qarabağ arasında iki dəhlizdən ibarət formadadır. Eləcə də, Azərbaycanla Dağlıq Qarabağın təmas əraziləri demilitarizasiya olunur. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması modelində əksini tapıb.

Biz indi görürük ki, Ermənistan baş naziri Nikol Paşinyan bu nizamlanmaya necəsə getmək istəyir, necə ki, bundan öncə Serj Sarkisyan getmək istəyirdi. Lakin Paşinyan bu model nizamlanmaya razılıq verməkdən qorxur. O, Ermənistandakı radikallardan çəkinir. Qorxur ki, onu devirərlər. Ona görə də, bütün məsuliyyəti ilk növbədə Dağlıq Qarabağın erməni icmasının, xüsusi ilə də yeni "seçilən" rəhbərliyin üzərinə qoymaq istəyir.

Rusiya indiyə kimi Paşinyanın bu istəyinə anlayışla yanaşıb. Moskva gözləyirdi ki, nəhayət, Qarabağda "seçkilər" keçirilsin, Paşinyanın Qarabağda rəhbərlikdə olan adamları irəli addım atsınlar. Ona görə də, Ermənistan XİN başçısının "biz heç bir ərazi güzəştinə getmək fikrində deyilik" bəyanatı Rusiya üçün gözlənilməz idi".

S. Markov Ermənistan XİN rəhbərinin bu bəyanatının məqsədinin əslində başqa olduğunu vurğulayıb: "Onlar güzəştə getmək barədə bəyanatın İrəvan tərəfindən deyil, Dağlıq Qarabağ tərəfindən səslənməsini istəyirlər. Məncə, Dağlıq Qarabağ tərəfindən belə bir bəyanat əvvəl-axır səslənəcək və bu, guya Qarabağın erməni icmasının öz təşəbbüsü olacaq.

Hesab edirəm ki, Ermənistan XİN başçısının məlum bəyanatı erməni tərəfinin son qərarı deyil. Moskva Kazan formulu əsasında hazırlanan sənədi imzalamaq üçün İrəvanı danışıqlar masasına oturda biləcək.

Lakin bir maraqlı nüans da var. Paşinyan Moskvadan şübhələnir ki, Kreml onu bu güzəştə getməyə ona görə təkid edir ki, daha sonra Paşinyanın Qarabağ klanından olan rəqibləri, Respublikaçılar Partiyası onu devirsinlər. Paşinyan hesab edir ki, Qarabağ klanı və Respublikaçılar Partiyası Moskvaya yaxındır. Paşinyanın özünü isə Moskva sevmir. Düşünürəm ki, bu fikrin bir hissəsi düzdür. Moskva Paşinyana güvənmir. Həm də ona görə güvənmir ki, o, sözünün üstündə durmur".


Create Account



Log In Your Account