Mar 13 2020 11:50
Elshad Aliyev
Views: 272

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında gələcək əməkdaşlıq perspektivləri ilə bağlı görüş keçirilib.

ASK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə konfederasiyanın prezidenti Məmməd Musayev Sahibkarlar Konfederasiyasının dövlətin sosial tərəfdaşı olduğunu və bir neçə dövlət qurumu ilə ASK arasında ikitərəfli əməkdaşlıq şuralarının yaradıldığını deyib.

“Bu əməkdaşlıq şuraları bir dialoq platformasıdır və sahibkarların iqtisadi tənzimləmə, qərarların qəbulu prosesində iştirakını təmin etmək məqsədi daşıyır”, - deyə ASK-ın prezidenti qeyd edib.

O, Azərbaycan hökuməti ilə bağlanan üçtərəfli Baş Kollektiv Saziş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar Konfederasiyası ilə birlikdə olan komissiyada müzakirəyə çıxarılan qanun layihələri barədə məlumat verib. Həmçinin konfederasiyanın BMT, Beynəlxalq Əmək Təşkilatı (BƏT), Əhali Fondu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlığının müsbət nəticələrini xüsusi vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Kristina Məmmədova ASK-ın üzvləri, regiondakı və xaricdəki nümayəndələrinin fəaliyyəti barədə qonaqları maraqlandıran sualları cavablandırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai isə bildirib ki, BMT Azərbaycanda qarşıdakı 5 il üçün fəaliyyət planı hazırlayır. O, M.Musayevin BƏT və digər qurumlarla əməkdaşlığından razılığını ifadə edib və ASK ilə əməkdaşlığı genişləndirməyi təklif edib.

“BMT olaraq, biz də qurumda islahatlar aparırıq və dayanıqlı inkişafla bağlı islahatlarda daha fəal iştirak etməyə çalışırıq. Dayanıqlı inkişaf məqsədləri üçün ölkədəki bütün qüvvələri mobilizasiya etmək lazımdır. Əlbəttə, arzuladığımız inkişafa nail olmaq səviyyəsi müxtəlif ölkələr üzrə fərqli nəticələr verir. İstərdik ki, özəl sektorla əlaqələri genişləndirək və müəyyən çərçivələr hazırlayaq”, - deyə Q.İshaqzai bildirib.

O, ASK ilə BMT arasında birgə əməkdaşlıq planının hazırlanması üçün işçi qrupun yaradılmasını təklif edib.

M.Musayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının, sahibkarlığın inkişafına töhfə vermək üçün ASK bu əməkdaşlığa hazırdır.

 


Create Account



Log In Your Account