Aug 15 2019 15:50
Ferah Sabirqizi
Views: 154

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir.

Həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb.

Baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır.

Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 100-lərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

AQTA-dan bildirirlər ki, kustar üsulla alkoqollu içkilərin hazırlanması yolverilməzdir və bu insan sağlamlığı üçün təhlükəlidir”.

Rəsmi məlumata görə, kustar üsulla alkoqollu içkilərin hazırlanmasında daha çox metil spirtindən istifadə edilir:

“Metil spirtindən istifadə edilməsinin başlıca səbəbi onun daha ucuz olmasıdır. Metil spirti insan orqanizmi üçün olduqca zərərlidir. Hətta metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Metil spirtindən əsasən qeyri-qida sənayesində istifadə edilir.

Kustar üsulla spirtli içki hazırlayarkən onun tərkibinə qatılan su yumşaldılmır, kömürdən keçirilmir. Bundan əlavə sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. İstehsalatda qida üçün yararlı olmayan, keyfiyyətsiz qablaşdırma materialları və tıxaclardan istifadə edilir. İşçilər heç bir tibbi yoxlamadan keçmədən istehsal prosesində iştirak edirlər. Bütün bunlar kustar üsulla hazırlanan spirtli içkilərin istehlak üçün yararsız olması ilə nəticələnir”.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimlənməsini həyata keçirir:

“Agentlik tərəfindən qida məhsulları, eləcə də içki və spirtli içkilər risk əsaslı nəzarətə cəlb edilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən spirtli içkilərdən də nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda məhsullara qida təhlükəsizliyi sertifikatı verilir. Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər.

Eləcə də ölkədə spirtli içki istehsal edən müəssisələr qida təhlükəsizliyi qeydiyyatından keçdikdən sonra həmin müəssisələrdə istehsal olunan məhsulların daxili bazarda dövriyyəsinə icazə verilir”.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir:

“Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan spirtli içkilər ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.  

 

 


Create Account



Log In Your Account