Sep 14 2017 14:31
Ferah Sabirqizi
Views: 577

Artıq “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu gün həmin yataqların dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yenidən tərtib olunmuş Saziş imzalanıb. Yeni sazişin müddəti 2050-ci ilədək nəzərdə tutulub. Yenilənmiş sənədin ərsəyə gəlməsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” çox böyük önəm kəsb edir. Bu haqda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Kkamran Nəbizadə CBC-yə məlumat verib:

“Bu müqavilə üzrə bugünədək – 23 il ərzində icra olunma ərzində 3,2 milyard barrel neft hasil olundu ki, bu da çox iri rəqəmdir. Bu kontraktların icrası Azərbaycan iqtisadiyyatı və ümumilikdə Azərbaycanın inkişafına təkan verdi. Demək olar bütün baş verən proseslər o müqavilənin imzalanmasından sonra başladı – iqtisadiyyatın dirçəlməsi və inkişafı. Bu gün də bizim bütün nailiyyətlərimizin əldə olunmasına “Əsrin müqaviləsinin” böyük payı var”.

“Azəri-Çıraq-Günəşli” üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan yatağın işlənməsinə təqribən 33 mlrd. dollar sərmayə qoyulub. 2017-ci ilin birinci yarısında «Azəri-Çıraq-Günəşli”dən gündəlik orta hesabla 585 min barel hasilat əldə edilib. Yeni müqavilənin isə ölkəmizə gətirdiyi iqtisadi mənfəətlərin maksimuma çatdırılacağı gözlənilir. Müqavilənin yeni şərtləri buna imkan verir.

“Bizim hasilat pay bölgüsü 25 faizə artıb. Buna uyğun olaraq hasil olunmuş və əldə olunmuş neftdən əldə olunan mənfəət payımız 75 faizə yüksəldi. Nəzərə alsaq ki, 2050-ci ilədək ehtimal olunan neft ehtiyatlarının midarı 3 milyard barrelə yaxındır, bu, müqavilənin imzalanması çox vacibdir, çox önəmlidir- Azərbaycan iqtisadiyyatının bundan sonra inkişaf etdirilməsi üçün. Bu, bir daha göstərir ki, Azərbaycan düz yoldadır”.

Yeni müqavilənin şərtləri ölkəmizin maliyyə və texnoloji potensialını əks etdirir. Digər tərəfdən, bu, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə bu fikirdədir.

“Azərbaycan nümunəsi göstərir ki, təbii sərvətlərdən düzgün istifadə etməklə ölkənin inkişafına çox ciddi təkan vermək olur. Və bunun özü Azərbaycanla əməkdaşlıq etmək istəyən xarici ölkələrin və xarici ölkələrin tanınmış şirkətlərinin sayını durmadan artırır. Azərbaycan bu gün tək nefti, qazı ilə deyil, eyni zamanda digər təbii sərvətləri ilə, həmçinin kənd təsərrüfatı, ayrı-ayrı sahələrin məhsulları ilə də dünya bazarına çıxır və özünə layiqli yer tuta bilib».

Politoloq bildirir ki, 23 il əvvəl imzalanan “Əsrin müqaviləsi”ndən əldə olunan gəlirlərin düzgün xərclənməsi də yeni müqavilənin imzalanmasını mümkün edib. Bu gəlirlər Azərbaycanda infrastukturun yenidən qurulmasına, sahibkarlığın inkişafına, insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımların atılmasına imkan yaratdı.

“Neftdən gələn gəlirlər Neft Fonduna toplanaraq düşünülmüş şəkildə birinci Azərbaycanda infrastrukturun yenilənməsi, məcburi köçkün və qaçqqnların həyat şəraitinin yaxşılaşıdırlmasına və insan kapitalının inkişafına yönəldlib. Bunun nəticəsidir ki, məktəblərin çoxusu təmir edildi, yeni məktəblər tikildi, yeni xəstəxanalar, diaqnostik mərkəzlər fəaliyyətə başladı. Azərbaycanda əhalinin savadlılıq dərəcəsi 100 faizi də əhatə edir. Bir sözlə təbii sərvətlərdən gələn gəlirlər birmənalı şəkildə Azərbaycan xalqının bugünkü və sabahkı inkişafı istiqamətlərinə sərf edilir”.

Qeyd edək ki, indiyədək " Azəri-Çıraq-Günəşli dən hasil edilən 3,2 mlrd. barel neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. Bu yataqdan ümumilikdə 30 mlrd. kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci ilin birinci yarısında "AÇG"-dən gündəlik orta hesabla 585 min barel hasilat əldə edilib. Hazırda "AÇG"-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçalterminalına nəql olunur.

 


Create Account



Log In Your Account