Jul 24 2019 12:41
Ferah Sabirqizi
Views: 57

Qida zəhərlənmələri istənilən mövsümdə baş verir. Amma yayda isti hava şəraiti ilə əlaqədar belə halların sayı daha da çoxalır. Yüngül zəhərlənmələr çox vaxt baş ağrısı, ürək bulanma və ya qarın işləmə ilə nəticələnirsə, zəhərlənmənin ölümlə bitdiyi hallar da olur.

Təkcə iyul ayında ölkədə 14 nəfər qidadan zəhərlənib. Bu ilin iyul ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. Daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onların yalnız 14-ü təsdiqini tapıb.

Ekspertlər bildirirlər ki, yayda zəhərlənmə sayının artmasının səbəblərindən biri də qidaların düzgün saxlanmamasıdır. Yuyulmayan meyvə və tərəvəzlər, düzgün şəraitdə saxlanılmayan müxtəlif qida məhsulları olduqca təhlükədir. Xüsusilə, yayda ən çox zəhərlənmə süd və süd məhsullarının qəbulu zamanı da baş verir.

Həkim-allerqoloq Şahvələd Məmmədov açıqlamasında bildirib ki, yayda ən çox qida zəhərlənmələri mayonezlərdən olur. Mayonez elə bir məhsuldur ki, onun günəş şüaları altında yarım saat qalmağı kifayətdir ki, təhlükəli olsun. Çünki mayonez günəş altında qaldıqda bütün keyfiyyətini itirir və zəhərlənmə verir.

Bəzən müddəti bitmiş süd məhsulları da zəhərlənməyə səbəb ola bilər. Marketlərdə aldığımız bütün süd məhsullarına diqqət yetirməliyik.  Çünki bəzən satışda keyfiyyətsiz, vaxtı ötmüş və korlanmış süd məhsulları satılır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə tədbirlərini davam etdirir Agentliyə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2578-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasif Əlibəy oğluna məxsus süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub. Müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Antisanitar şəraitdə fəaliyyət göstərən sexdə “Lerik” əmtəə nişanlı süd və süd məhsullarının istehsal edildiyi aşkar olunub. Həmin məhsulların etiketində təbii inək südü qeyd olunsa da, məhsulların istehsalında faktiki quru süddən istifadə edilərək istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisədə məhsulların istehsalında bitki tərkibli “Sun 23” marqarin yağı və E 235 “Natamisin” (antibiotik) qida əlavəsindən istifadə olunduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı aşkarlanıb.

Aşkarlanan nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Südün saxlanma qaydalarına riayət etmək önəmlidir

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Səidə Səmədovanın sözlərinə görə, ağartı məhsulları xüsusi qaydada hazırlanmalı və onların saxlanılmasına diqqət etmək lazımdır. Məsələn, çiy süd alarkən mütləq bişirilməlidir. Pendirin duzlu suda saxlanılması məsləhətdir. Buna görə də qablaşdırılmış formada olan ağartı məhsulları almaq məsləhətdir.

Bazarlarda ağartı məhsullarının satışı ilə məşğul olanlar isə bildirirlər ki, illərdir bu işlə məşğul olurlar və hələ ki, heç kəs məhsulun keyfiyyəti ilə bağlı şikayət etməyib. Çünki bazarlarda satılan ağartı məhsulları nəzarətdə saxlanılır.

Alıcılar da açıq şəkildə bazarda satılan ağartı məhsullarını aldıqlarını və hələ ki, ciddi problemlə rastlaşmadıqlarını deyirlər. İstehlakçılar ağartı məhsullarını alarkən problemlə üzləşsələr, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.

Süd məhsulları – xüsusi risk qrupuna daxildir

Süd və süd məhsulları digər heyvan məşəli qida məhsulları kimi xüsusi risk qrupuna daxildir. Süd məhsulları C vitamini və dəmirdən başqa, tərkibində makro və mikro elementlərlə zəngin olan və hər yaş dövründə insan orqanizminə faydalı olan məhsullardandır. Bu məhsulların tərkibində xüsusilə, uşaqlar, hamilə qadınlar və yaşlılarda sümük sağlamlığı baxımından əhəmiyyətli olan başda kalsium və fosfor olmaqla, bir sıra vacib minerallar, zülal və B qrup vitaminlərdən riboflavin vardır.

Sağlam insanların kifayət qədər və balanslı qidalanması üçün tövsiyə edilən süd miqdarı yaş, cinsiyyət və fizioloji vəziyyətə ( böyümə və inkişaf dövrü, hamiləlik, yaşlılıq və s.) görə dəyişir. Süd və süd məhsulları üzrə Milli Şuranın məlumatına əsasən, sağlam və yetkin insanların gün ərzində 2 porsiya (1 porsiya - orta böyüklükdə su stəkanı 200 ml), uşaqlar, yeniyetmələr və hamilə qadınların isə 3-4 (600-800 ml ) porsiya süd istehlak etmələri tövsiyə olunur.

Süd eyni zamanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olan zərərli mikroorqanizmlərin böyümə və inkişafı üçün əlverişlidir. Belə ki, bruselyoz, vərəm, sarılıq və s. bu kimi xəstəliklər məhz çiy süddən insana keçə bilən xəstəliklərdəndir. Həmçinin bu xəstəliklər sağım prosesindən istehlakçıya çatana kimi açıq şəraitdə saxlanan süddən, sağıcıdan, sağımda istifadə olunan qablardan, heyvanın süd vəzilərindən (qan, irin, tük və s.), ətraf mühitdən (toz, torpaq, həşərat və gübrə qalıqları) də keçə bilər.

Pasterizə olunmuş və ya uzun ömürlü süd faydalıdırmı?

Süd istehsal edən iri müəssisələrdə emal olunmuş südlər, bir sıra – süzülmə, kənar maddələrdən təmizlənmə, xoşagəlməyən qoxuların aradan qaldırılması (deodorasiya), standartlara uyğun olaraq homogenizasiya kimi texnoloji proseslərdən keçirilir.

Pasterizə olunmuş süd qaynama temperaturundan aşağı temperaturda təbii tərkibdə keyfiyyət dəyişiklikləri yaratmadan, xəstəlik yaradan faktorlardan tamamilə, digər kiçik təsiredici faktorlardan isə qismən təmizlənmiş qida məhsuludur.  Pasterizə olunmuş südlərin soyuqda saxlamaq şərti ilə davamlılıq müddəti 5 gündür.

Uzun ömürlü südlər, istehlakçılar tərəfindən daha çox sterilizə olunmuş, qutu və ya UHT (Ultra High Temperature Pasteurization) kimi tanınır. İstehlakçıların bir qismi uzun ömürlü südə antibiotik və antiseptik maddələrin qatıldığına inanır. Əslində isə bu cür şübhələrin heç bir elmi əsası yoxdur. UHT dediyimiz proses, xüsusi proses olub, qəbul edilən çiy südün 2-4 saniyə müddətində 135-150℃- də qızıdırılıb, daha sonra isə 20℃-yə kimi soyudulmasıdır. Bu yolla südün çürüməsinə, xəstəliklərin yaranması və inkişafına səbəb olan bütün faktorlar aradan qaldırılır. Növbəti mərhələ steril şəraitdə qablaşdırmadır. Sonda bu məhsullar karton qutularda satışa çıxarılır. Tətbiq olunan (UHT) texnoloji prosesinin nəticəsində soyuq qida zəncirinin qorunmasına ehtiyac qalmadan bu cür süd məhsullarını 4 ay saxlamaq mümkündür.

Emal olunmuş bu cür məhsulları istehlak edərkən aşağıdakılara diqqət olunmalıdır:

*Pasterizə olunmuş südlər, istehlak olunana kimi soyuducuda saxlanmalıdır.

UHT prosesindən keçmiş süd məhsulları ağzı açıldıqdan sonra istehlak olunana kimi mütləq soyuducuda qorunmalıdır.

*Emal olunmuş südlərin uzunmüddətli saxlanması üçün boş konteynerlərə boşaldılıb saxlanmaması daha məqsədə uyğundur.

*Sterilizə, pasterilizə olunmuş və qutu südlər alarkən istehsal və son istifadə tarixinə diqqət edilməlidir.

*Pasterizə olunmuş südlər soyuducuda yaz-yay aylarında 4-5℃ temperaturda 1 gün, qış aylarında isə 2-3 gün saxlanıla bilər.

*Pasterizə olunmuş südləri otaq temperaturunda saxlamaq olmaz.

*Uzun ömürlü süd (UHT) isə, qutunun açılmaması şərti ilə, otaq temperaturunda 4 ay saxlanıla bilər.

Yero gəlmişkən, uşaqlar üçün əvəzsiz olan süd böyüklərə ziyandır. Amerikalı tədqiqatçılar bunu iddia edirlər.

Qeyd olunur ki, südün tərkibində çoxlu faydalı minerallar, eləcə də sümüklərə möhkəmlik gətirən bolluca kalsium var. Süd qatışıqları kəşf olunana qədər təbii süd uşağın birinci ayında həyati əhəmiyyət daşıyırdı. Keçmişdə analar uşaqlarını bəsləmək üçün daha çox ana südünə üstünlük versələr də, müasir anaların çoxu sintetik uşaq qidalarına və heyvan mənşəli südlərə üstünlük verirlər. Uşaq vaxtı süd son dərəcə faydalı olsa da, mütəxəssislər böyüdükdən sonra süddən tez-tez istifadəni məsləhət görmürlər.

Böyüklərin əksəriyyətinə südlə qidalanma daha çox ziyan gətirir. Bunu amerikalı mütəxəssislərin apardığı son araşdırma da təsdiqləyib. Odur ki, Birləşmiş Ştatların həkimləri əksər pasiyentlərinə süd içməyi qadağan edirlər.

Amerikalı alimlər müəyyən ediblər ki, bizim planetin böyük sakinlərinin 55%-də südün həzm olunması üçün vacib olan laktoza fermenti çatışmır. Tədqiqatlar zamanı müəyyən edilib ki, Yer planetinin böyük sakinlərinin sadəcə 20%-i südü həzm etməyə qadirdir. Digər insanlarsa süddən istifadə etdikdən sonra bağırsaq və allergiya problemləri ilə üzləşirlər.

Süddən istifadə edənlərin bir çoxu qarın ağrılarından, bağırsaq sancılarından əziyyət çəkməklə yanaşı, baş ağrıları və ümumi səhhətdə diskomfortla da qarşılaşırlar. Südü parçalayacaq laktoza orqanizmdə az olanda, süd turşusu əmələ gəlmir və süd parçalanmır. Nəticədə süd orqanizmə düşən yad cisim təsiri bağışlayır və mədə-bağırsaq sistemində diskomfort yaradır. Orqanizm bu zaman xeyli enerji itirir ki, bu da baş ağrılarının yaranmasına səbəb olur. Odur ki, alimlər böyüklərə süddən çox, qatıq, pendir və s. kimi süd məhsullarından istifadəni məsləhət görürlər.

Odur ki, süd alanda bir, içəndə isə iki dəfə düşünməyiniz məsləhətdir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.  

 

 


Create Account



Log In Your Account