Jun 25 2018 10:43
Ferah Sabirqizi
Views: 367

Türkiyədə prezident və parlament seçkilərinin nəticəsi açıqlanıb. Səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası seçicilərin etimadını qazanıb. Türkiyə Yüksək Seçki Kurulunun sədri Sədi Güvən bildirib ki, ölkə üzrə 59 milyondan çox seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Ən son məlumatlara görə, seçicilərin 52.5 faizi Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Onun əsas rəqibi sayılan Muharrem İnce isə səslərin 30,7 faizinin əldə edə bilib. Seçkidən sonra gecə saatlarında Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı ilə birlikdə İstanbuldan Ankaraya gəlib. O, AKP-nin baş qərargahının eyvanından çıxış edib, göstərilən etimada görə seçicilərinə təşəkkürünü çatdırıb. Türkiyənin bu seçkilərlə demokratik inqilaba imza atdığını deyən Ərdoğan dərhal verdiyi vədlərin icrasına dərhal başlayaağını deyib.

Ərdoğan Türkiyənin 2023- cü ilə qədərki hədəflərindən də söz açıb. Bildirib ki, ölkənin beynəlxalq səviyyədə etibarını daha çox yüksəklərə qaldırmaq əlindən gələni edəcək, millətin sevgisinə layiq olacaq.

Artıq yeni prezident qazandığı qələbə ilə bağlı təbrikləri qəbul etməyə  başlayıb. 

Qeyd edək ki, prezidentliyə digər namizədlər 10 faizdən az səs toplayıblar.  HDP-nin namizədi Selahettin Demirtaş 8,4 faiz, İyi Partinin başqanı Meral Akşener 7,3 faiz, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının namizədi Doğu Perinçek isə 0,2 faiz səs yığıb. Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi “Cümhur İttifaq”ı birinci yeri qazanıb – 53,62 faiz.  Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-nü Ədalət və İnkişaf Partiyası qazanıb. Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 50-si Millətçi Hərəkat Partiyasının, 44-ü isə İYİ Partiyanın payına düşüb.


Create Account



Log In Your Account