Apr 09 2018 11:13
Ferah Sabirqizi
Views: 44

Seçkilərlə bağlı gerisayım başlayıb. Artıq iki gün sonra ölkədə prezident seçkiləri keçiriləcək.  Qanunvericiliyin tələblərinə görə, seçki günü və ondan bir gün əvvəl namizədlər heç bir formada təşviqat apara bilməzlər. Martın 19-dan başlayan təşviqat kampaniyasından hər namizədin eyni qaydada yararlana bilməsi üçün Mərkəzi Seçki Komissiyası lazımi addımlar atıb.

Ölkə üzrə namizədlər üçün 84 açıq, 84 qapalı olmqla 168 daimi görüş yeri ayrılıb. Həftəlik altı saat olmaqla hər bir namizədə pulsuz efir vaxtı ayrılıb. 

Namizədlərin həmçinin ödənişli əsaslarla təşviqat aparmasına da imkan yaradılıb. Mərkəzi Seçki Komissiyası buna aid kütləvi informasiya vasitələrindən gələn müraciətlərə operativ şəkildə baxıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli bildirir ki, indiyədək seçkiqabağı təşviqatla bağlı hansısa xoşagəlməz hala rast gəlinməyib.

Qeyd edək ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində səkkiz namizəd mübarizə aparır. Onlardan altısının namizədliyini siyasi partiyalar irəli sürüb. Bir namizəd öz təşəbbüsü, digərinin namizədliyi seçici qrupunun təşəbbüsü ilə irəli sürülüb və qeydə alınıb. Prezident seçkilərini izləmək üçün Mərkəzi seçki komissiyasında 890 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 59 ölkənin vətəndaşlarıdır. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir. Dairə seçki komissiyalarında qeydiyatdan keçən müşahidəçilər 12 siyasi partiyanın  və 65 qeyri hökumət təşkilatının təmsilçisidir. 13 mindən  artıq vətəndaş öz təşəbbüsü ilə seçkinin müşahidəsi prosesinə qoşulub. Bununla yanaşı, prezident seçkilərinin gedişini evi tərk etmədən, internet vasitəsilə izləmək mümkün olacaq. Mərkəzi Seçki Komissiyası 1000 məntəqədə  veb-kamera quraşdırıb. Bu kameralar vasitəsi ilə istənilən şəxs hətta Azərbaycana gəlmədən belə  seçki prossesini müşahidə edə biləcək.


Create Account



Log In Your Account