Apr 29 2020 15:50
Elshad Aliyev
Views: 71

"Şimal axını-2" qaz boru kəməri işə düşdükdən sonra Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qaz tədarükü marşrutundan tamamilə imtina edə bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın qaz nəqli sisteminin operatorunun rəhbəri Sergey Makoqon deyib.

Onun sözlərinə görə, Ukrayna "sıfır tranzit"ə hazırlaşır və 5 ildə (mövcud müqavilələrin etibarlı olduğu vaxt) qaz nəqli sistemini tamamilə modernləşdirməyi planlaşdırır.

"Türk axını" qaz kəmərinin birinci xətti işə salındıqdan sonra (2020-ci ilin əvvəlində – red.) Ukraynanın qaz nəqliyyatı sistemi Türkiyə, Bolqarıstan və Yunanıstana gedən illik 15 mlrd. kubmetr tranzit həcmlərini itirib. Hazırda Ukrayna cənuba qazı yalnız Rumıniya və Moldova üçün nəql edir. Ukrayna "Türk axını"nın ikinci xəttinin işə düşməsindən və Bolqarıstan-Serbiya-Macarıstan qaz boru kəmərinin inşası başa çatandan sonra daha 15 mlrd. kubmetrin itirilməsini gözləyir, - S. Makoqon qeyd edib.

O həmçinin vurğulayıb ki, "Şimal axını-2" kəmərinin tikintisinin başa çatması qalan 50 mlrd. kubmetr tranzit həcmlərinin itirilməsinə səbəb olacaq. "Qazprom"un Ukrayna ərazisi ilə qaz tranzitini 2025-ci ildən sonra uzatmaq üçün heç bir səbəbi yoxdur.

Xatırladaq ki, ötən ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb.

ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. "Şimal axını-2" tikintisi aparan İsveçrənin "Allseas" tələbi yerinə yetirib. Eyni zamanda, "Allseas" şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin cəmi 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.

Buna baxmayaraq, "Şimal axını-2" qaz boru kəmərinin operatoru ("Nord Stream 2 AG") layihəni 2020-ci ilin sonu – 2021-ci ilin əvvəlində bitirməyə planlaşdırır.

Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.


Create Account



Log In Your Account