Jan 25 2017 16:24
Ulviyye Sabirqizi
Views: 1780

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə əsas müzakirə mövzusu olub.

Nazirlər nizamlama prosesini ətraflı müzakirə ediblər. Bundan əvvəl isə Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla danışıqlar aparıb.

Rusiya ictimai palatasının üzvü, politoloq Sergey Markov CBC-yə açıqlamasında bildirib ki, Moskvada aparılan danışıqlarda qoşunların təmas xəttində son zamanlarda yaşanan gərginlik diqqət mərkəzində olub:  

“Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü dekabrda sərhəddə baş verən gərginliyə və döyüş əməliyyatlarının başlanmasına dair artan narahatlığa cavabdır. Eyni zamanda bu görüş 2016-cı ildə optimizmə səbəb olan siyasi-diplomatik dialoqun bərpasına cəhddir. 2016-cı ildəki dialoq Kazan formulasına uyğun olan böyük siyasi kompromisə gətirib çıxara bilərdi. Təəssüf ki, 2016-cı ildə bu formulaya uyğun müqavilənin razılaşdırılması cəhdi pozuldu. Danışıqlar de-fakto olaraq donduruldu. Danışıqların dondurulması isə hərbi əməliyyatların bərpasına aparıb çıxarır.

Bunun baş verməməsi üçün Rusiya danışıqların bərpasına çalışır. Burada prezident İlham Əliyevin dəfələrlə dediyi forma vacibdir. Danışıqlar xatirinə danışıqlar deyil, məzmunu olan danışıqlar lazımdır. Bu danışıqlar mahiyyəti üzrə olmalıdır. Danışıqlar kompromis razılığa aparmalıdır. Nəticədə yeni ciddi müqavilələr bağlanmalıdır. Tərəflər kiçik addımlarla olsa belə Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru getməlidirlər. Hələlik bu danışıqların dialoqun bərpasından ötrü olması və ya məzmunlu olub prezidentlərin gələcək görüşünün təşkil edilməsi üçün aparıldığını demək çətindir. Hələlik bu görüşün nəticəsi aydın deyil”.  

 


Create Account



Log In Your Account