Apr 03 2017 16:02
Ulviyye Sabirqizi
Views: 1278

Belçikanın Azərbaycandakı səfiri Bert Şufs Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

CBC xəbər verir ki, görüşdə Belçika şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək Caspian Energy Forum-2017-də iştirakı mövzusuna, həmçinin Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy International Media Group çərçivəsində informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub.

Səfirliyin əsas missiyasının Azərbaycanla Belçika arasında yaxşı münasibətlərin qorunub saxlanılmasından ibarət olduğunu qeyd edən səfir xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da Belçikaya səfər edib: "Prezident İlham Əliyevlə Belçika kralı Filipp arasındakı görüşdə əsasən iqtisadi əməkdaşlıqdan bəhs olunub. Əlbəttə ki, iqtisadiyyatın diversifikasiyası mühüm vəzifə olduğundan Azərbaycan Prezidentinin “yol xəritəsi”nin vacibliyi qeyd olunub".

Onun sözlərinə görə, diversifikasiyaya, eləcə də xarici investorların və xarici şirkətlərin Azərbaycana cəlb edilməsinə böyük zərurət var. "Dövlət başçılarımız qloballaşan dünyada sizin ön cərgələrdə yer tutmalı olduğunuzu anlayırlar. İqtisadiyyatın diversifikasiyası isə Azərbaycanın əsas məqsədlərindən biridir. Belçika şirkətləri bu məsələdə sizə kömək edə bilərlər. Prezident Belçika şirkətlərini Azərbaycana dəvət etməklə onlara açıq-aydın siqnal vermiş oldu", - deyə B.Şufs vurğulayıb.

Səfirin sözlərinə görə, Belçika artıq qeyri-neft və qaz sektorunun müxtəlif sahələrində, məsələn, Azərbaycanın logistika, səhiyyə, kənd təsərrüfatı və tikinti sahələrində iştirak edir.

"Azərbaycanın bu cür şirkətləri özünə cəlb etmək niyyətində olan ölkəyə çevrilmək seçimi etməsi olduqca vacibdir. Biz qloballaşan dünyada yaşadığımız üçün qeyd etməliyəm ki, Belçika şirkətləri vaxtaşırı bura gəlir və mənə Azərbaycan barədə suallar verirlər. Buna görə də mən hansı səbəblərə görə məhz Azərbaycana gəlmək lazım olduğunu onlara izah edə bilməliyəm", - deyə səfir bildirib.

O qeyd edib ki, elektron viza sayəsində Azərbaycana səyahət etmək xeyli asanlaşıb: "Azərbaycanda turizm üzrə konfrans keçirilib və bu açıq-aşkar siqnala çevrilib. Ötən il bu cür konfrans Brüsseldə təşkil olunmuşdur. Turizmdə ölkəni nümayiş etdirmək olduqca vacibdir".

"Prezidentin "yol xəritəsi"nin əsas məqsədlərindən biri kiçik və orta müəssisələrin inkişafı üçün şərait yaratmaqdan ibarətdir. Bu gün kiçik və orta müəssisələrin inkişafı texnologiyanı istiqamətləndirir. Bizə təkcə biznesi aparan yox, həm də təcrübəsi olan və texnologiyadan istifadə etməyi bacaran sahibkarlar lazımdır", - deyə o qeyd edib.

Enerji sahəsindən söz açan diplomat bunları vurğulayıb: "Cənub Qaz Dəhlizi" bir növ şərqdən qərbə uzanan yoldur. "Cənub Qaz Dəhlizi"ndən danışarkən qeyd etməliyik ki, Belçika şirkətləri artıq bu layihə ilə maraqlanırlar. TAP layihəsində 19% Belçikanın "Fluxys" şirkətinə məxsusdur. "Cənub Qaz Dəhlizi"nin inşası sayəsində Azərbaycan həmçinin tranzit ölkəyə çevriləcək".

Görüşün sonunda səfir "Caspian Energy" jurnalına eksklüziv müsahibə verib. Müsahibədə ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunulub.

 


Create Account



Log In Your Account