May 03 2021 13:08
Elshad Aliyev
Views: 151

Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji dəyər qazanıb.

APA-nın xəbərinə görə, bu, Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçının müraciətində öz əksini tapıb.

Səfir bildirib ki, son zamanlar Azərbaycan-Türkiyə münasibətlərində bütün sahələr üzrə böyük irəliləyiş qeydə alınıb: “Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərindən sonra enerji sahəsində tədarük təhlükəsizliyi və müxtəliflik baxımından regional və qlobal önəmə sahib olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) fəaliyyətə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu həm də Türkiyə və Azərbaycanın rəhbərliyi altında bölgədə nəqliyyat şəbəkələrinin inkişafı üçün əhəmiyyətli potensiala malik olan bir layihədir. İkitərəfli əməkdaşlığımız artıq yalnız Türkiyə və Azərbaycana fayda gətirmək hüdudlarını keçərək regional əməkdaşlığa yol açıb. Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək üçün bütün imkanlarını və güclərini birləşdirib”.

C. Bağçı qeyd edib ki, ikitərəfli əməkdaşlığın çox inkişaf etdiyi və bir çox yeni fürsətin yarandığı belə bir tarixi dövrdə Türkiyənin Bakıdakı səfiri kimi xidmət etmək onun üçün böyük şərəfdir: “Bütün iş yoldaşlarım, əlaqədar təşkilat nümayəndələri və mülki strukturlarla birlikdə bu vəzifənin əhəmiyyəti və məsuliyyətini dərk edərək səylə, çox ciddi şəkildə, diqqətlə, səmimiyyətlə və fədakarlıqla çalışacaq, münasibətlərimizi daha da irəli aparmağa və qüvvətləndirməyə səy göstərəcəyik. Səfirliyimizin bu səyləri Naxçıvan və Gəncədəki konsulluqlarımız və Lənkərandakı Fəxri Konsulluğumuz tərəfindən dəstəklənir. Türkiyənin Azərbaycandakı bütün rəsmi nümayəndələri olaraq, biz ev sahibi olan Azərbaycan səlahiyyətliləri və qardaşımız olan Azərbaycan Türkləri ilə sıx əməkdaşlıq etməyə çalışacaq, eyni zamanda, bu ölkədə Türkiyə Cümhuriyyəti vətəndaşlarına kömək və rəhbərlik edəcəyik”.


Create Account



Log In Your Account