Apr 07 2017 10:00
Ulviyye Sabirqizi
Views: 1495

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının komanda idman növləri üzrə yarışlarının püşkatma mərasimi olub. Yarışlar beş komanda idman növü - futbol, voleybol, basketbol 3x3, həndbol və su polosu üzrə keçiriləcək.

“Bakı-2017”də iştirakçı ölkələrin sayından asılı olaraq, komandalar hər idman növü üzrə yarışlarda fərqli formatlarda mübarizə aparacaqlar. Püşkatma mərasimi futbol və kişilər arasında həndbol yarışları üzrə keçirilib. Püşkün nəticələrinə əsasən, “A” qrupunda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub. “B” qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığma komandaları yer alıblar.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandasının düşdüyü qrupu şərh edib:

“Püşkün nəticələri ümumiyyətlə götürdükdə, bizim üçün əlverəndir. Mən deyərdim, futbol istisna olmaqla. Futbolun nəticələri bir az ağırdır. Çünki ən güclü komandalar bir qrupa yığıldı. Səudiyyə Ərəbistanı, Mərakeş və Kamerun komandaları çox güclüdür. Ümid edək ki, futbolçularımız bu çətinliyin də öhdəsindən gələcəklər. Qalan idman növlərində bizim bütün komandalar yenə də Türkiyə ilə eyni qrupda düşüb və bu, bir qədər oyunları gərgin olacağını edəcək”.

IV İslam Həmrəyliyi Oyunlarına mayın 8-də futbol yarışları ilə start veriləcək. Futbol yarışı səkkiz komanda arasında keçiriləcək. Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar. Azərbaycan millisi ev sahibi olduğu üçün avtomatik olaraq “A” qrupunda yer alıb. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpazlama üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.

Ruslan Abışov, futbolçu: “Ağır bir qrupa düşdük. Kamerun və Mərakeş çox güclü futbol məktəbləri olan millilərdir. Amma qarşıda oyunlar var. Əsas odur ki, oyunlara yaxşı hazırlıq keçək. Ən əsası, meydana özümüzə inanaraq çıxmalıyıq. Minimum vəzifə qrupdan çıxmaq olmalıdır. Heç bir rəqibdən çəkinmək lazım deyil. Bu, futboldur. Futbolda hər şey olur. İnanıram ki, millimiz üçün hər şey yaxşı olacaq". 
IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə də püşkatmanın nəticələrini şərh edib: 

“Qrup güclü qrupdur. Komandaların reytinqinə görə, öz dövlətlərinin ən güclü komandaları bizim qrupa düşdülər. Buna baxmayaraq, doğma divarlar arasında oynayacağıq və azarkeşlərimizin də bizə dəstəyi olacaq. Çalışıb, yaxşı oyunla yaxşı nəticələr qazanmağa çalışacağıq. Bilirsiz ki, Azərbaycan çempionatı davam edir və hələ mayın 5-də kubokun final oyunu var. Birinci oyunumuz 8-də olacaq. 3 yox, 6-7 namizəd oyunçu var. Təki istədiyimiz oyunçuların zədəsi olmasın, sağlam olsunlar. Yaxın gələcəkdə onların adları açıqlanacaq”. 

Kişilər arasında həndbol yarışı üzrə püşkün nəticələrinə əsasən isə, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar. Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Basketbol 3x3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparacaq. Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışacaqlar. Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.

Voleybol üzrə qadınların yarışında beş komanda - Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək.

Kişilərin yarışında isə on komanda iki qrupda gücünü sınayacaq. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar.

“Bakı-2017”nin su polosu yarışı kişi idmançılar arasında keçiriləcək. Yarışda beş komanda - İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan və İndoneziya bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaq. Dairəvi sistem üzrə yarışın yekununda qalib və mükafatçılar müəyyən olunacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək baş tutacaq. Oyunlarda 57 ölkədən üç mindən çox idmançı çıxış edəcək. “Bakı-2017”nin açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

 


Create Account



Log In Your Account