Oct 18 2019 12:08
Ferah Sabirqizi
Views: 95

Oktyabrın 17-də İstanbulda SOCAR AQŞ və "China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries&Trade Inc." şirkəti arasında ‘’Duz Gölü" yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi üzrə qazma müqaviləsi imzalanıb.

CBC.az xəbər verir ki, inteqrə olunmuş qazma xidmətləri müqaviləsi Türkiyədəki "Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi məqsədilə 40 quyunun qazılmasını nəzərdə tutur.

Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyənin Aksaray vilayətinin Duz Gölü bölgəsində 40 quyu qazaraq sifarişçiyə təhvil verəcək. Müqavilənin dəyəri, təxminən, 100 milyon ABŞ dolları civarındadır.

“China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsinin baş direktoru Murat Mehmet Kurtuluş bildirib ki, bugünkü imzalama mərasimi iki şirkət və nəticə etibarilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir: "Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi" layihəsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və SOCAR AQŞ bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək".

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev deyib ki, rəhbəri olduğu şirkət bu vacib layihə üzrə "China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries&Trade Inc." şirkəti ilə əməkdaşlıq etməsini yüksək qiymətləndirir: "Müəssisəmiz bütün potensial və imkanlarını cəlb edərək biznes tərəfdaşlarımız və bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq çərçivəsində bu layihəni Türkiyə, sifarişçimiz və SOCAR AQŞ üçün müvəffəqiyyətlə yekunlaşdıracaq’’.

Türkiyədə quruda qazma bazarında özünə layiqli yer tutan ilk milli müəssisə olan SOCAR AQŞ Azərbaycan qazma sahəsinin 150 ildən çox zəngin tarixinə söykənərək bu layihənin icrası zamanı gənc türk mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına da öz töhfəsini verəcək.

Qeyd edək ki, “SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda “SOCAR AQŞ” “Dayazsulu Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. “SOCAR AQŞ” Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

2017-ci ildə “SOCAR AQŞ” dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.

Şirkət 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Müəssisə 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub.

Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.

"IC İbrahim Çeçen Yatırım Holdinq A.S."nin lokomotiv şirkəti olan "IC İçtaş Construction" öz 50 illik təcrübəsi ilə yerli və beynəlxalq makromiqyaslı layihələr üçün öncül hesab edilən, Türkiyə və beynəlxalq şirkətlər arasında ön sırada yer alan qabaqcıl şirkətdir. 1969-cu ildə yarandığı gündən bəri "IC İçtaş Construction" hava limanı tikintisi, liman və donanma tikintisi, sürətli qatar layihələri, yol və körpü tikintisi, yüksək həcmli elektrik stansiyaları, mütəhərrik binalar, biznes mərkəzləri, turizm obyektləri, suvarma sistemi qurulması, ictimai binalar, mənzillər, tibb müəssisələri, universitet və məktəb binaları kimi bir çox layihələri müvəffəqiyyətlə başa çatdırdı. Tikinti layihələrinə əlavə olaraq şirkət dəniz limanların və donanma əməliyyatlarında da öz fəaliyyətini uğurla davam etdirir. "IC İçtaş Construction" enerji sektorundakı öz investisiyaları ilə elektrik enerjisinin istehsal və paylanma sahələrində də fəal bir iştirakçıdır.


Create Account



Log In Your Account