Jan 16 2019 12:01
Ferah Sabirqizi
Views: 287

Bu gün Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdikdən sonra, Prezident İlham Əliyev zavodu işə salıb.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb və sonda xatirə şəkli çəkdirib. 

SOCAR-ın Karbamid zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. 27 yanvar 2017-ci il tarixində  Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə Societe Generale (Fransa), Deutsche Bank (Almaniya) və UniCredit (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Tərəfdaş bankların dəstəyi ilə cəlb edilən uzunmüddətli kapital dövlət büdcəsinin yükünü azaldıb.

Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə  SOCAR təxminən 100 milyon avro məbləğində vəsait ayırıb.

Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

Karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Bu məhsul digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta ölkədə qalacaq, eyni zamanda zavod ölkəmiz üçün əlavə gəlir mənbəyinə çevriləcək. zavodda 500 nəfər daimi işlə təmin olunub.

Xatırladaq ki, Karbamid zavodunun təməli 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Zavodun tikintisini Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tanınmış Avropa şirkətlərinin texnologiyası əsasında həyata keçirib.


Create Account



Log In Your Account