Jan 30 2019 17:02
Ferah Sabirqizi
Views: 401

Türkiyənin ən böyük xarici investoru olan SOCAR Almaniyanın “EWE AG” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”i və qrupa daxil olan şirkətləri alıb. Bu barədə şirkət məlumat yayıb.

Bildirilir ki, genişmiqyaslı investisiya layihələri ilə regionun ən böyük istehsal güclərindən biri olmağı hədəfləyən SOCAR “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərini alıb. Son 12 ildə Türkiyə bazarında təbii qaz təchizatını həyata keçirən SOCAR bu ildən etibarən Türkiyə ilə Azərbaycanın böyük müştərək layihəsi olan TANAP vasitəsilə əməliyyatlarını genişləndirir. “EWE Turkey” şirkətinin satın alınması təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq, SOCAR-ın son istehlak bazarına birbaşa çıxışını təmin edəcək. Satın alma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

Təbii qaz paylanmasının Türkiyədəki investisiya zəncirini tamamlayacaq mühüm halqalardan biri olduğunu vurğulayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Azərbaycanın qlobal brendi olan SOCAR 2013-cü ildən etibarən Türkiyə bazarında ildə 1,2 milyard kubmetr təbii qazın topdan satışını həyata keçirir. Ötən il istismara verilmiş TANAP boru kəmərimiz Azərbaycandan təbii qazın nəqli üçün daha da əlverişli şərait yaradıb. “EWE” şirkətinin Türkiyədəki aktivlərinin satın alınması ilə yaradılan sinerjilər Azərbaycan və Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə əlavə dəyər qazandıracaq. Beləliklə, SOCAR-ın Türkiyədə təbii qaz paylanma biznesinə daxil olması istehsal-nəql-paylanma zəncirinin bütün halqalarını tamamlayan və kommersiya baxımından olduqca əlverişli olan strateji bir addımdır. Buna görə qarşıdakı dövrdə bazarda mövcud digər imkanları dəyərləndirməyə davam edəcəyik”.

Türkiyənin 4-cü böyük təbii qaz tədarükçüsü

2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan “EWE Turkey Holding” 2017-ci ilin sonundan etibarən təxminən 2,4 milyard türk lirsəi dövriyyəyə nail olub.


Create Account



Log In Your Account