Feb 20 2017 18:30
Ulviyye Sabirqizi
Views: 1406

"Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində 2016-cı ilin istehsalat fəaliyyəti və texniki-iqtisadi göstəricilərinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

SOCAR-dan CBC-yə verilən məlumata görə, idarənin rəisi Rövşən Qarayev hesabat xarakterli çıxışında bildirib ki, yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında "mavi yanacağ"a olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır.

Bu məqsədlə SOCAR tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının yenidən qurulmasında, qorunub saxlanmasında, onların düzgün istismarında, qabaqcıl texnologiyaların tətbiqində və digər göstəricilərin yaxşılaşdırılmasında böyük nailiyyətlər qazanılıb.

İdarə rəisi ötən il qazvurma mövsümündə yeraltı qaz anbarlarına 1 mlrd. 987 mln. kubmetr qaz vurularaq qalıq qazla birlikdə 2 mlrd. 968 mln. kubmetr qaz ehtiyatı yaradıldığını bildirib. Bu günə qədər qaz anbarlarından 1 mlrd. 873 mln. kubmetr qaz çıxarılaraq təhvil verilib. Hazırda "Azneft" İB tərəfindən qaz anbarlarının imkanlarının genişləndirilməsi üçün geoloji sahədə də mühüm tədbirlər həyata keçirilir.

Bu məqsədlə "Qaradağ" yatağında 25, "Qalmaz" yatağında 21 yeni quyunun qazılması, işçi təzyiqi 250 atmosfer olan yeni kompressor stansiyasının inşası nəticəsində idarə üzrə qaz həcmlərinin 6 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. Cari il ərzində 7 yeni quyunun qazılması nəzərdə tutulub.

Daha sonra İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək, birliyinin rəhbərliyi tərəfindən idarədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Sonda əməyin mühafizəsi sahəsində Davranış və təhlükəsizliyin müşahidə vərəqələrinin təhlili nəticəsində İstismar avadanlıqları sahəsinin işçiləri Nəzər Atalıyev və Elşən Hətəmova "İstehsalatla əlaqədar təhlükənin qarşısını aldıqlarına" görə "Azneft" İB-nin tərifnamələri və qiymətli hədiyyələri təqdim olunub. İdarənin 2016-cı il ərzində əməyin mühafizəsi sahəsində Davranış və təhlükəsizliyin müşahidə sistemi üzrə fərqlənmiş ümumilikdə 12 işçisi qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 


Create Account



Log In Your Account