Apr 21 2017 16:14
Ferah Sabirqizi
Views: 37

SOCAR istiqrazlarına tələbat kəskin artıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlara tələbat son günlər kəskin artıb. Bu barədə CBC-yə istiqrazların təkrar bazarı üzrə market-meyker olan “PSG Kapital” investisiya şirkətindən bildirilib.
Məlumatda deyilir ki, aprelin 18-dən 21-nə qədər şirkətə əsasən fiziki şəxslər olmaqla istiqrazların alışı üçün çoxsaylı müraciətlər daxil olub və bu proses davam etməkdədir. Nəticədə, 4 gün ərzində investisiya şirkətləri təkcə fiziki şəxslərə 796 min dollarlıq istiqraz satışı həyata keçirib.
Market-meyker bildirib ki, SOCAR istiqrazlarının alınması üçün sifarişlərin həcmi də müxtəlifdir: “Bəzi fiziki şəxslər 2-3, hətta 1 istiqraz almaq üçün sifariş versələr də, digər sifarişlərin həcmi 100-150 və 200-dən artıq olub”.
İstiqrazların təkrar bazarda dövriyyəsinin başlandığı 2016-cı ilin oktyabrından indiyədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi 72 mln. dollara çatıb.
Maraqlıdır ki, yanvarın 17-də baş tutan ilk faiz ödənişindən sonra, təkrar bazarda istiqrazların satış qiyməti müəyyən müddət ərzində 1000-1001 dollara ensə də, ikinci faiz ödənişindən sonra qiymətlər 1003-1005 dollar ətrafında sabitləşib. Başqa sözlə, bazarda istiqrazlara tələbat böyük olduğundan, onların qiymətləri daha yüksək səviyyəyə çatıb.
Qeyd edək ki, SOCAR istiqrazlarının qiyməti faiz ödənişi ərəfəsində də kəskin artıb. Ödənişə bir neçə gün qalmış istiqrazların təkrar bazardakı qiyməti 1013-1014 dollara qalxıb ki, bu da son aylar müşahidə olunan ən yüksək göstəricidir. Ümumilikdə isə təkrar bazarda SOCAR istiqrazlarının indiyədək ən yüksək satış qiyməti 1 024 dollar olub.
Fond bazarı üzrə ekspertlər bildirirlər ki, istiqrazlara tələbatın və onların qiymətinin belə artmasının səbəbi növbəti faiz ödənişinin həyata keçirilməsi və investorlar tərəfindən SOCAR istiqrazlarının üstünlüklərinin qiymətləndirilməsidir. Xatırladaq ki, SOCAR istiqrazları üzrə növbəti – ikinci faiz ödənişi aprelin 17-də baş tutub. Ödəniş çərçivəsində hər bir istiqraza görə 12,5 dollar olmaqla, istiqraz sahiblərinə ümumilikdə 1,25 mln. dollar ödənilib. İstiqrazlar üzrə ilk faiz ödənişi isə yanvarın 17-də həyata keçirilib.
SOCAR istiqrazları 2016-cı ilin sentyabrında 100 mln. dollar həcmdə 5 illik müddətə buraxılıb. Yalnız yerli fiziki və hüquqi şəxslərin iştirak etdiyi ilkin abunə yazılışı zamanı istiqrazlara 203 mln. dollarlıq, yəni iki dəfədən artıq tələb gəlib. Oktyabrın 17-dən etibarən SOCAR istiqrazlarının təkrar bazar dövriyyəsi başlayıb.
Nominal qiyməti 1 000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və yaxud ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə həyata keçirilir. Birinci ödəniş yanvarın 17-də, ikinci ödəniş isə aprelin 17-də olub. 2017-ci il ərzində SOCAR istiqrazları üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində baş tutacaq.
SOCAR istiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı "ASAN Xidmət" mərkəzlərinə və ya *1999 Qaynar Xəttinə müraciət etmək lazımdır.

 


Create Account



Log In Your Account