May 24 2021 12:59
Elshad Aliyev
Views: 101

Bakı Ali Neft Məktəbi (BANM) ilə SOCAR Türkiyə arasında onlayn görüş keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR Türkiyənin insan resursları üzrə qrup direktoru Levent Kocagül və istedad qəbulu üzrə qrup meneceri Nazlı Ünsal da iştirak edib.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov SOCAR Türkiyə ilə səmərəli əməkdaşlıq sayəsində indiyədək ali məktəbin onlarla tələbə-məzununun təcrübə proqramlarına və müxtəlif vəzifələrdə işə cəlb olunduğunu qeyd edib. O vurğulayıb ki, təcrübə müddətində tələbələr texniki proseslərlə yaxından tanış olmaqla yanaşı, təhsil müddətində əldə etdikləri nəzəri bilikləri praktik baxımdan da təkmilləşdirmək imkanı əldə edirlər.

Şirkət nümayəndələri bildirib ki, təcrübə proqramı ilə bağlı seçimlərdə əsas meyar olaraq tələbələrin akademik göstəriciləri, müsahibələrdə onların peşəsinə yanaşma və özünüifadə tərzi, həmçinin emosional intellekti nəzərə alınır ki, BANM tələbələri bu meyarlara cavab verir.

Bakı Ali Neft Məktəbinin məzunları, “STAR” Neft Emalı Zavodunun proses mühəndisi Amail Məmmədova və istehsal mühəndisi Sənan Həsənzadə, “Petkim” Petrokimya Holdinqdə istehsal mühəndisi kimi çalışan Kənan Sadıqov öz növbəsində SOCAR Türkiyə Qrupa daxil olan şirkətlərdə çalışmaqdan məmnunluqlarını ifadə edib və təhsil aldıqları müddətdə əldə etdikləri bilik və bacarıqların iş prosesində onlara kömək olduğunu qeyd ediblər.

Sonda SOCAR Türkiyə ilə BANM arasında onlayn yay təcrübə proqramının təşkili qərara alınıb.


Create Account



Log In Your Account