Apr 21 2020 13:48
Elshad Aliyev
Views: 75

Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Dövlətimizin başçısının tapşırıqları ilə həyata keçirilən bu mühüm tədbirlər ölkə vətəndaşları tərəfindən böyük razılıqla qarşılanır. Azərbaycan Prezidentinə göndərilən çoxsaylı minnətdarlıq məktubları bunun əyani göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini, politoloq Mehman İsmayılov bildirib.

Mehman İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə dörd istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir. Bütün bu tədbirlər bir tərəfdən Prezidentimizin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

Politoloq bildirib ki, Prezident İlham Əliyev aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll olunması vəzifəsini qarşıya qoyub. Dövlətimizin başçısı aprelin 17-də videobağlantı formatında keçirilən iclasda bu barədə danışarkən deyib: “İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”.

Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır.

“Əfsuslar olsun ki, dövlətimizə düşmən kəsilmiş “5-ci kolon”un nümayəndələri bu koronavirus pandemiyası dövründə də öz çirkin əməllərindən əl çəkmirlər. Bu düşərgədə cəmləşən insanlar uzun illərdir Azərbaycan iqtidarına qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Radikal ünsürlərin əsas məqsədi koronavirus pandemiyasından istifadə edərək vəziyyəti gərginləşdirməkdir. Əminəm ki, xalq-iqtidar birliyi bu cür qüvvələrin arzularının yerinə yetməsinə imkan verməyəcək. Azərbaycanın yeni siyasi konfiqurasiyasında marginal qruplaşmaya yer yoxdur. Hazırda əsas məsələ bir olmaq, həmrəy olmaq və dövlətimizin başçısının ətrafında daha da sıx birləşməkdir. Çünki Prezidentimizin də dediyi kimi, biz birlikdə güclüyük”, - deyə Mehman İsmayılov vurğulayıb.


Create Account



Log In Your Account