Feb 28 2018 14:43
Ferah Sabirqizi
Views: 579

Martın 1-də Nizami Kino Mərkəzində, Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin birgə təşkil etdiyi “Bir Ailə” bədii filminin təqdimatı keçiriləcək.

Nizami Kino Mərkəzi və “Ədibin Evi” Mir Cəlalın 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibəti ilə Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir Ailə” bədii filminin təqdimat mərasimini keçirəcəkdir. Film 1943-cü ildə Bakı Kinostudiyasında istehsal edilmiş və II Dünya Müharibəsində qələbə naminə Azərbaycan neftinin rolu və Azərbaycan xalqının vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur.

Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökumə Qurbanova və digərləri çəkilmişdilər.

“Bir Ailə” bədii filminin çəkilişləri müharibənin ən çətin və qızğın dövründə Bakıda aparılsa da, film daha sonra ekranlara buraxılmamışdır. SSSR-i Dövlət Film Fondunun Vətən filmləri şöbəsinin rəfində qalan filmə Sovet senzurası belə rəy vermişdir- “film Sovet xalqının alman işğalçıları ilə mübarizəsini zəif əks etdirir.”

Baş rollardan birinə çəkilən Sovet kino ulduzu Lyubov Orlova çəkilişlər barədə xatırlayırdı: “Bakı qaçqınlarla dolu, almanlar isə artıq Krımı, Rostovu alıb Qafqazın üzərinə yürüyürdülər. Biz isə, Bakı kinostudiyasından çıxmayaraq gecə-gündüz çəkiliş aparırdıq.”

Filmin nümayişindən əvvəl çıxış edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev “Bir Ailə” bədii filminin Azərbaycana qaytarılması və bərpa edilməsi barədə danışacaq. Daha sonra “Bir Ailə” filmi nümayiş etdiriləcək.

 


Create Account



Log In Your Account