Apr 13 2020 17:50
Elshad Aliyev
Views: 62

İspaniyada sutka ərzində koronavirus infeksiyası səbəbindən 517 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. Beləliklə, ölkədə son günlər sutkalıq ölüm hallarının azalması tendensiyası davam edir.

Ölkədə indiyədək yeni koronavirusa yoluxanların sayı 169 mini keçib, 17 min 489 nəfər həyatını itirib, sağalanların sayı isə 64 min 727 nəfər təşkil edib.

Bu həftə ölkədə tətbiq edilən məhdudiyyət tədbirləri bir qədər zəifləyəcək ki, nəticədə çox sayda insanın iş yerlərinə qayıtmasına imkan yaranacaq. Müvafiq qərar yeni koronovirusun yayılmasından əziyyət çəkən İspaniya iqtisadiyyatını xilas etməyə çalışan Baş Nazir Pedro Sançes tərəfindən qəbul edilib.

Hakimiyyət orqanları təcrid vəziyyətindən xilas olan insanları qorumaq üçün tədbirlər görəcək. Bazar ertəsi günündən başlayaraq ictimai nəqliyyat dayanacaqlarında bütün insanlara tibbi maskalar paylanacaq.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə bu gün saat 16:10-na olan məlumata əsasən, dünyada 1 milyon 866 mindən çox yoluxma və 115 min 244 ölüm faktı qeydə alınıb, 433 min 915 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.


Create Account



Log In Your Account