Nov 20 2019 15:11
Elshad Aliyev
Views: 45

May ayında “SAIPEM” şirkətinin Xəzər dənizində boru düzmə əməliyyatları üçün istismar olunan “İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilərlə görüş olub.

Trend-in məlumatına görə, görüşdə çıxış edən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirdi ki, hadisə barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olan andan etibarən xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən təmin edilib.

Hadisə baş verən zaman pis hava şəraiti ilə əlaqədar helikopterin və sairə xilasedici vasitələrin cəlb olunması mümkün olmadığından “BUE CASPIAN LTD” şirkətinə məxsus “CITADEL” gəmisindən “İsrafil Hüseynov” gəmisinin yaralı personalını dərhal təxliyə etmək xahiş olunub. “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət nümayiş etdiriblər. Təxliyə zamanı xəsarət alanların sürətli və təhlükəsiz şəraitdə sahilə çıxarılaraq onlara yardım göstərilməsi təmin olunub.

Dənizdə qatı duman şəraitində gəminin dəniz qurğusuna təhlükəsiz yanalmasının təmin edilməsi, zərərçəkən personalın gəmiyə təhlükəsiz transferi və onların tibbi yardım müəssisəsinə vaxtında çatdırılmasında operativliyin təmin olunması, dənizçilərimizin peşəkarlığından və yüksək fədakarlıqla cəsarətli addım atmasından xəbər verir.

“BUE CASPİAN LTD” Şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Dövlət Dəniz Agentliyinin rəhbərliyinə rəsmi müraciət ünvanlanaraq qəzada xəsarət alanların xəstəxanaya çatdırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər zamanı dənizçilərin göstərdiyi şücaətlə bağlı məlumat verilib.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun əmri ilə “Dəniz nəqliyyatında xilasetmə əməliyyatları zamanı göstərdiyi şücaətə görə” dənizçilər “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər.

Tədbirdə qeyd olundu ki, hər il Beynəlxalq Dəniz Təşkilatı dəniz nəqliyyatı sahəsində müstəsna cəsarət göstərən dənizçilər arasında seçim edərək xüsusi fərqlənən bir nəfərə Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə müstəsna cəsarətə görə” mükafatını təqdim edir. Gələn il Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə müstəsna cəsarətə görə” mükafatına Kapitan Elbrus İsmayılovun namizədliyi təqdim ediləcək.

Tədbirdə çıxış edən qonaqlar bildiriblər ki, Azərbaycan nümayəndəsinin belə bir mükafat alması çox sevindirici hal ola bilər və ən azından Londonda Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında müvafiq Komissiya tərəfindən Kapitan İsmayılovun göstərdiyi peşəkarlığın və cəsarətin müzakirə olunması, nəticədən asılı olmayaraq hər birimiz üçün qürurvericidir.

Görüşdə vurğulanıb ki, dövlətçiliyinə sədaqətlə xidmət edən dənizçilər insan həyatının xilası üçün hər zaman öz həyatları bahasına qəhrəmanlıq nümayiş etdiriblər. Vəzifələrini layiqincə yerinə yetirən, vicdanla, şərəflə peşələrinə xidmət edən dənizçilərin əməyi minnətdarlıq hissi ilə xatırlandı və sonda “İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilər “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər.

 


Create Account



Log In Your Account