Jan 17 2017 12:26
Ulviyye Sabirqizi
Views: 1757

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs İstanbulda yaxalanıb.

Türkiyə mətbuatının məlumatına görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birlikdə biri kişi olmaqla daha 5 nəfər tutulub.

Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.

“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır” - bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.

V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

 

 


Create Account



Log In Your Account