Feb 28 2020 17:01
Elshad Aliyev
Views: 208

Səudiyyə Ərəbistanının səhiyyə orqanları dünyanın bir çox ölkəsində yayılmış yeni koronavirusla (COVID-19) bağlı vəziyyəti yaxından izləyir.

Krallığın Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr AZƏRTAC-ın müxbirinə ölkəsinin Xarici İşlər Nazirliyinin koronavirusun yayıldığı ölkələrdən zəvvarların Krallığa girişinin dayandırılması barədə bəyanatını şərh edərkən deyib.

Səfir qeyd edib ki, ölkəsi virusun yayılmasının qarşısını almaq və virusla mübarizə aparmaq üçün beynəlxalq təşkilatların, xüsusilə Dünya Səhiyyə Təşkilatının səylərini dəstəkləyir və səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olaraq bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, koronavirusun yayıldığı ölkələrin vətəndaşlarının Ümrə və Peyğəmbərin Mədinədəki məscidini ziyarəti üçün, eləcə də koronavirusun təhlükəli şəkildə yayıldığı ölkələrdən Səudiyyə Ərəbistanına turist vizası ilə səfər müvəqqəti olaraq dayandırılıb. Hökumət bu addımı ölkə ərazisində təhlükəli virusun yayılmasının qarşısını almaq məqsədilə atıb. Səfir deyib ki, ölkəsi zəvvarların və adi müsafirlərin sağlamlığının qorunması, virusun daha geniş məkanlara yayılmasının qarşısını almaq üçün məsuliyyətini hiss edir. Səudiyyə Ərəbistanının bu qərarı İslam dünyasının mühüm dini təhsil mərkəzlərindən biri olan əl-Əzhər əş-Şərif tərəfindən də dəstəklənib və şəriət nöqteyi-nəzərindən düzgün olduğu bildirilib.

Qeyd edək ki, Yaxın Şərq regionunda da COVID-19 virusuna yoluxanların sayının artması nəticəsində Səudiyyə Ərəbistanı ərazisində, xüsusən aeroportlarda nəzarət tədbirləri gücləndirilib.

 


Create Account



Log In Your Account