Sep 10 2019 13:01
Ferah Sabirqizi
Views: 835

“Bu şəxs dünyada ilk dəfə qurudan 25 mil məsafədə, açıq dənizdə quyu qazıb və bu yatağı açıb”. Bu sözlər Hyustondakı “Ocean star” Dəniz Muzeyindəki şöhrət lövhəsində qeyd edilib. Və bu sözlərin azərbaycanlı qazmaçı, dünya miqyasında tanınmış mütəxəssis sayılan Yusif Səfərova aid olması qürurvericidir. 

İki dəfə “Stalin” mükafatı laureatı olan Yusif Səfərov artıq 30 yaşında ikən “Qaraçuxur”, “Stalinneft” trestində direktor işləyib. 1945-ci ildə xüsusi dəniz qazması trestinə rəhbərliyi zamanı Neft Daşlarının olduqca mürəkkəb tədqiqat işləri başlayıb. Bir neçə ildən sonra - 1949-cu il noyabrın 7-də 1 saylı quyudan neftin fontan vurması ilə açıq dənizdə neft çıxarmanın əsası dünyada ilk dəfə məhz Bakıda qoyuldu. Azərbaycan neftçilərinin bu nailiyyəti bütün dünyada əks-səda verdi. Bu sahənin ən fədakar nümayəndəsi, dəniz qazmasının banisi Yusif Səfərov idi. 

Professor Eldar Süleymanov: “Bu peşəni ancaq sevmək lazımdır”

Məşhur qazmaçının yaxın qohumu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Neft və qaz mühəndisliyi kafedrasının professoru Eldar Süleymanovun özü də bu sahədə sayılan mütəxəssislərdəndir.  CBC-yə müsahibəsində Eldar Süleymanov doğma dayısının öz peşəsinin vurğunu olduğunu deyir:

“Bu peşəni sevmədən bu cür ağır işdə uğur qazanmaq olmaz. Ruhən neftçi olan Yusif Səfərov bu sevgini övladlarına da aşılamışdı. Onun oğlu Çingiz Səfərov qazma üzrə mədən mühəndisi kimi “Çıraq”, “Azəri”, “Kəpəz” yataqlarının kəşfində yaxından iştirak edib. Mən özüm də neftçi ailəsində böyümüşəm. Atam Məmməd Süleymanov da Xəzərdə Geoloji neft kəşfiyyatın yaradıcılardan biridir. O,  30 il ərzində dənizdə geoloji qazma trestinin birinci müdiri olub və yataqların geoloji tərəfdən açılışında iştirak edib, SSRİ-də ilk dəfə şelfdə geoloji-axtarış işlərinin əsasını qoyub. İlk dəfə ponton tipli üzən qazma qurğusunu yaradıb”.

Dünyanı fəth edən Azərbaycan qazmaçıları 

Azərbaycan neftçilərinin, xüsusilə qazmaçıların əldə etdikləri nailiyyətlər təkcə ölkəmizin deyil, dünyanın neft sənayesi tarixində də əhəmiyyətli çəkiyə malikdir. XX əsrin əvvəllərində Azərbaycanda ad çıxardan qazmaçılardan biri Usta Piri (Piri Quliyev) olub. O, amerikalı qazmaçılarla birgə işləyib, onlara daha üstün üsullarla quyu qazmağı öyrədib. 1924-1926-cı illərdə onun rəhbərliyi altında Kaliforniyada “Signal Hill” şirkətində bir quyu qazılıb istifadəyə verilib. Usta Piri, həmçinin “Torrens” neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləyib. ABŞ-ın neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını keçmiş SSRİ-yə gətirərək tətbiq edən Piri Quliyev “Azneft” MMC-də yeni yataqların kəşfiyyatı şöbəsinin müdiri olub, Qala və Qaraçuxur yataqlarının kəşfi, istismarı proseslərində yaxından iştirak edib. 

Onun övladları da neftçinin işini davam etdirib. Məmmədpaşa Quluzadə dünyada maili quyuların qazılması texnologiyası üzrə ad qazanıb. Usta Pirinin digər oğlu İsrafil Quluzadə ilk dəfə estakada qazma üsulları avadanlığını yaradıb və Xəzər dənizində tətbiq edib. Usta Pirinin nəvəsi də neft sahəsində çalışıb. 

“İkinci Bakı”nı yaradanlar 

Azərbaycandan kənarda işləyən qazmaçılarımız sırasında Fətulla bəy Rüstəmbəyovun da adı çəkilməlidir. XX əsrin əvvəlində F.Rüstəmbəyov Krasnodar vilayətində baş mühəndis kimi işləyib. Onun oğlu Tofiq Rüstəmbəyov Dağıstanın və Tatarıstanın qazma işlərinin bünövrəsini qoyan neftçilərdən biridir. Uzun müddət Moskvada Neft Nazirliyində qazma üzrə baş mühəndis olub, Vladivostokdan Murmanska qədər bütün ərazidə işləyib. Fətulla bəyin digər oğlu Əsəd Rüstəmbəyov isə Başqırdıstanda qazmanın əsaslarını qoyan peşəkar olub. Onun Qobustanda 60-cı illərdə yaratdığı trest Azərbaycan qazmaçılarının məktəbi sayılırdı. 

“İkinci Bakının” bünövrəsini qoyan azərbaycanlı qazmaçılardan biri isə Eyyub Tağıyevdir. Məhz onun başçılığı ilə aparılan kəşfiyyat nəticəsində Krasnokamenskdə “İkinci Bakı" tapılıb. E.Tağıyevin dərinlik estakadalarında dirəklərin vurulması və özüllərin möhkəmləndirilməsi üçün təklif etdiyi 100 ton gücündə turbovibrator qazma işlərini sürətləndirib. Sonradan ABŞ-ın və Avropanın neft şirkətləri SSRİ-dən turbinli qazma maşınlarının lisenziyasını alıb.  

Hindistan, Argentina, Braziliya, Vyetnam... 

1955-ci ildən etibarən E.Tağıyev Hindistanda neft yataqlarının axtarışlarında iştirak edib. Onun proqnozlarına əsasən, 1958-ci ildə Pəncabda, 1959-cu ildə isə Bombeyin 250 kilometrliyində sovet mütəxəssisləri tərəfindən qazılan quyu fontan vurub. Bundan sonra Tağıyev Hindistanın neft üzrə baş idarəsinin ömürlük məsləhətçisi təyin olunub. İndi Kəlküttənin mərkəzi parkında “Hindistan neftinin atası” adlandırılan Eyyub Tağıyevin qara mərmərdən hazırlanmış büstünə rast gəlmək olar. 

1961-ci ildə Eyyub Tağıyev Argentinada işləyib, Amazon çayının neftli hövzəsini tədqiq edib. Braziliyada böyük neft və qaz ehtiyatlarının olması barədə dəlilləri ortaya qoyub. "Jornal do Brasil" jurnalı Eyyub Tağıyevi  "Portfelində Braziliyanın bütün neft sirləri gizlənən şəxs” kimi qələmə verib. 1958-ci il Brüsseldə keçirilən ümumdünya sərgisində iki pərli qazma qurğusuna görə Professor E.Tağıyevin rəhbərlik etdiyi kollektivə “Qızıl medal” verilib. 

Vyetnamda isə ilk neft yataqlarını açan, birinci quyuları qazan mütəxəssis yenə də həmyerlimiz Cəlal Məmmədov olub. 

Müasir qazmaçılarımız ənənəni davam etdirir

Müasir dövrdə də Azərbaycan qazma ustaları dünyanın müxtəlif ölkələrində, aparıcı neft şirkətlərində lider mövqelərdə təmsil olunurlar. Oktay Məmmədbəyov 20 ildən artıqdır Hyustonda quyuların qazılma texnologiyası işinə rəhbərlik edir. Vüqar Məmmədov məşhur “Halliburton”da çalışır. Oqtay Süleymanov Hyustondakı “Gulf of Mexico” şirkətində işləyib, ümumi dərinliyi 7 min metr  olan quyuların qazılması işinə rəhbərlik edib. 

Müsahibimiz professor Eldar Süleymanovun özü də Azərbaycanın Neft və Qaz Sənayesinin dəniz və quru  sahələri ilə yanaşı, “Schlumberger” Beynəlxalq neft kompaniyasında işləyib, “Çıraq” platformasının  ilk  12  quyusuna və “Dədə Qorqud”  yarımdalma  qurğusunun  qazılan quyularına  qəyyumluq  edib. 2004-cü ildə  SOCAR-ın “Fəxri fərmanı” ilə  təltif olunan E.Süleymanov hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) Neft və Qaz mühəndisliyi kafedrasında ingilis dilində dərs deyir və bu sahədə yeni kadrların hazırlanması işinə töhfəsini verir. 

Pərviz Məmmədov: “Gənc mütəxəssislər bizi dünyada tanıdırlar”

Azərbaycanda peşəkar və dünya səviyyəli neftçilərin hazırlanması işində ADNSU mühüm yerlərdən birini tutur.  AMEA-nın həqiqi üzvü, ADNSU-nun professoru Pərviz Məmmədov CBC-yə müsahibəsində bildirib ki, Azərbaycanda neft sənayesinin inkişafı bu sahə üzrə keyfiyyətli kadrların yetişdirilməsinə, təhsil səviyyəsinin yüksəldilməsinə də şərait yaradıb. 

“Hazırda ölkəmizdə neft sənayesi üçün kadr hazırlığı işi yaxşı təşkil olunub, tələbələrin çöldə, dəniz şəraitində yaxşı təcrübə keçməsinə şərait yaradılıb. Biz  SOCAR idarələri ilə əməkdaşlıq edərək, tələbələrimizin praktiki bilgilərini artırmasına nail oluruq. İndi təkcə neft sahəsində yox, elmin bütün sahələrində Azərbaycan alimlərinin dəyərli araşdırmaları mövcuddur. Onlar beynəlxalq konfranslarda rezonans doğuran məruzələrlə çıxış edirlər, dünyada bizi tanıdırlar. Düşünürəm ki, gənc alimlər Azərbaycan elmini daha yüksək səviyyədə təqdim edərək şöhrətləndirə biləcəklər”. 

Azərbaycanın qazma sənayesinin öncülü

Etiraf etmək lazımdır ki, Azərbaycan neft quyularının daha müasir üsullarla, qısa müddətə, ətraf mühitə ziyan vermədən və qənaətcil qazılması işində SOCAR-AQŞ-nin böyük zəhməti var. 2007-ci ildə SOCAR-ın və Abşeron Qazma Şirkətinin təsis etdiyi bu müəssisə kompleks qazma və quyu xidmətləri göstərir. 

Şirkətin göstərdiyi xidmət sahəsinə neft və qaz quyuların qazılması, quyuların layihələndirilməsi və planlaşdırılması, maili istiqamətləndirilmiş quyuların qazılması, quyuların mənimsənilməsi və əsaslı təmiri, çoxşaxəli quyuların qazılması kimi fəaliyyətlər daxildir. 

Hazırda SOCAR-AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən  dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. 2009-cu ildən etibarən şirkət Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (International Association  of Drieling Contractors, IADC)  üzvüdür. Şirkət regionda API Spec Q2 sertifikatı (Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinin uyğunluğu) ilə təltif olunmuş  ilk və yeganə qazma müəssisəsidir. 

 “Ümid” yatağının tarixində yeni səhifə

Bu ilin aprelində müəssisə "Ümid" yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazmanı başa vurub. SOCAR tarixində ilk dəfə olaraq,  quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilib, quyuağzı avadanlıqların yığılmasında yeni metodlar tətbiq edilib və yüksək hasilatın əldə olunması üçün  5 1/2 düymə  monobar lift boruları vasitəsilə tamamlanma işləri aparılıb. 

İlklərdən danışsaq, Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq SOCAR-AQS tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılıb. Quyu‘’Günəşli’’ yatağının dayaz sulu hissəsində ‘’Fasilə’’ Lay Dəstəsinə (FLD) maksimum 84 dərəcə bucaq altında qazılıb. İlk dəfə olaraq açıq sonluqlu mənimsəmə quyusu istismara verilib. 

Ötən il  SOCAR-AQŞ milli qazma sənayesində daha bir yeniliyə imza atıb: “Bulla” yatağının 6 saylı dəniz stasionar özülündə 113 nömrəli quyuda ağır çəkili aralıq kəmərinin birdəfəyə endirmək cəhdini uğurla həyata keçirib. 

Tarixi faktlar - Məhz Bakı bu ilklərə imza atıb 

Dünya neft sənayesi tarixində ilk dəfə olaraq Azərbaycanda baş vermiş hadisələrə nəzər salsaq, bu siyahının kifayət qədər uzun olduğunu görərik. Məsələn, 1803-cü il dünyada ilk dəfə Bibiheybət buxtasında sahildən 18 və 30 m aralıda yerləşən iki quyudan neft çıxarılıb. İlk dəfə 1846-cı ildə yenə Bibiheybətdə neft kəşfiyyatı məqsədilə dərinliyi 21 m olan dünyada ilk neft quyusu qazılıb. İlk üzən qazma qurğusu, turbin üsulu ilə qazılan maili quyu, Neft Daşları və digər ilklər Xəzərdə tətbiq olunub.  

Müstəqillik dövrünün əsas hadisəsi – “Əsrin müqaviləsi”

Ümumiyyətlə, tariximizin bir çox məqamlarında Azərbaycan nefti dünyada baş verən hadisələrdə həlledici rol oynayıb. Bu tarixlərdən biri isə Azərbaycanın müstəqillik dövrünə - 25 illiyini qeyd edəcəyimiz “Əsrin müqaviləsi”nin imzalanması dövrünə təsadüf edir. Millət vəkili, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili CBC-yə müsahibəsində belə deyir. Onun sözlərinə görə, 1994-cü ildə ulu öndər Heydər Əliyevin şəxsi zəmanəti ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya neft sənayesindəki yerini daha da möhkəmlətməsinə səbəb oldu. Bu müqavilə ölkəmizdə neft sənayesinə yeni şirkətlərin, yeni texnologiyaların gəlməsinə səbəb oldu, daha dərin qatlardan neftin çıxarılması üçün yeni texnologiyaların tətbiqini sürətləndirdi. 

“Azərbaycan neft sənayesinin inkişafı dünyada bir çox trendlərə səbəb oldu. İlk növbədə yeni texnologiyaların inkişaf etdirilməsi daha dərin qatdan daha ekoloji daha müasir üsullarla neftin hasil olunması – dünya neft sənayesində yeni bir istiqamət idi. “Əsrin müqaviləsi” Xəzər dəniz neftinin birbaşa istehlakçılara – xüsusilə də Bakı-Tbilisi-Ceyhan xətti ilə Avropaya nəql olunması tamamilə yeni bir reallıqlar yaratdı. Azərbaycan və iştirakçı şirkətlərlə yanaşı, zəncirin digər üzvləri də siyasi və iqtisadi cəhətdən mənfəət əldə etdilər. Bu da həmin ölkələrin iqtisadi cəhətdən güclənməsinə, eyni zamanda sosial sahələrin daha çox inkişaf etməsinə səbəb oldu, yeni iş yerləri açıldı, dövlət büdcəsinə vergilər, tranzit gəlirlər əldə olundu və s.” 

T.Mirkişili: “Azərbaycan neft sənayesi digər ölkə iqtisadiyyatlarına yardımçı oldu”

T.Mirkişili qeyd edir ki, bu gün neft ümumilikdə enerji daşıyıcıları məhsullarının istehsalında rəqabət qabiliyyətinin artmasında yük rol oynayır. Ona görə demək olar ki, Azərbaycan neft sənayesi istehlakçılarda həmin ölkənin iqtisadiyyatlarının daha rəqabət qabiliyyətli olmasına imkan yaratdı. 

İndi dünyada enerji daşıyıcıları bazarı kifayət qədər dinamikdir. Eyni zamanda, enerji istehsalçıları arasında Azərbaycan kimi etibarlı və sırf iqtisadi məramlardan çıxış edən ölkələr  çox azdır. Bu baxımdan, Azərbaycanın siyasəti, iqtisadi gücü, iqtisadi potensial və imkanları bütövlükdə dünya neft sənayesində yeni reallıqlar yaratdı. Etibarlılıq, müasirlik kimi reallıqlar sayəsində Azərbaycan daha çox innovasiya, daha çox texnologiya, daha güclü iqtisadiyyat və daha etibarlı tərəfdaş olmaq imici yarada bildi. İnanırıq ki, Azərbaycan uzun illər ərzində bu imicini nəinki qoruyub saxladacaq, həm də onu gücləndirməyə nail olacaq. 

Fərəh Sabirqızı 

Yazı SOCAR-AQŞ MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.


Create Account



Log In Your Account