Jun 23 2019 16:27
Ferah Sabirqizi
Views: 385
Su olmadan həyat yoxdur. Suyun sağlamlıq rəmzi olması üçün onun təmiz və saf olması lazımdır. İndiki dövrdə müasir texnologiyalara cavab verən su təmizləmə qurğuları mövcuddur. Lakin suyun təmiz olması hər şeyi həll etmir. Onun saxlanma şəraiti və qabı da standartlara uyğun olmalıdır. 
 
Adətən suyu plastik qablarda satırlar. Neftin təkrar emal məhsullarından əldə olunan plastik qablar yüksək temperaturda təhlükə mənbəyidir. Digər tərəfdən, yay aylarında havaların istiləşməsi zəhərlənmə hallarının baş vermə ehtimalını artırır. Bir sözlə, iri marketlərin qarşısında saatlarla saxlanılan plastik qablarda olan içməli sular zəhərlənmə mənbəyinə çevrilir.  Bəs bu kimi halların baş verməməsi üçün nə etmək lazımdır? 
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi belə arzuolunmaz hadisələrin baş verməməsi üçün lazım olan tövsiyələrini açıqlayıb. AQTA-nın məlumatında bildirilib ki, qablaşdırma qida və digər məhsulların təhlükəsiz şəraitdə saxlanılmasında mühüm rola malikdir: "Qablaşdırma həmçinin ətraf mühitin zərərli təsirlərindən qorunması və məhsulun rahat daşınması üçün əhəmiyyətli vasitədir. Qablaşdırma məhsulları fərqli formalarda və fərqli materiallardan hazırlanır. Plastik, metal, kağız, şüşə və digər əsaslı qablaşdırma məhsullarını buna misal  göstərmək olar. Qablaşdırılmada istifadə edilən bu materialların qida üçün təhlükəsiz olması vacibdir".
 
Lakin araşdırmalar göstərir ki, bu cür materialların heç də hamısı təhlükəsiz qablaşdırma materialları hesab edilmir. Plastik qablaşdırma materialları kimi. Belə ki, qida məhsullarının qablaşdırılmasında istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya miqrasiya edə bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki, plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlığımız üçün təhlükə yarada bilən zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerlər, bisfenol A və sairi misal göstərmək olar. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir", – deyə AQTA-dan verilən məlumatda bildirilib.
 
 
Qeyd olunub ki, içməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir: "Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur. Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə, eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur".
 
"Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin, qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb-bağlanmamasına xüsusi diqqət edilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etməkdə, ev şəraitində soyuducularda su saxlayarkən də buna əməl etməkdə fayda var", - deyə AQTA-nın məlumatında vurğulanıb.
 
SUYU QAYNADIB İÇMƏK ZİYANDIR
 
Su ilə bağlı bilməli olduğumuz digər məqamlar da var. Məsələn, bəzən suyumuzun çirkli olmasına görə suyu qaynadıb içirik. Lakin su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonatlar və başqa minerallar sudan ayrılır, yəni su mineralsızlaşır.
 
İkinci məqam - su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır. Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.
 
Daimi qaynadılmış su içən insanların dəriləri sönük, saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur.
 
Belə bir məqam da var - suyu zərərsizləşdirmək üçün suya vurulan xlor qaynamadan sonra zərərli bir birləşmə əmələ gətirir. 
 
Buna görə də suyu qaynadıb içməkdənsə, onu təmizləyici qurğularla təmizləyib içmək, ya da marketlərdə satılan təmiz içməli sulardan istifadə etmək olar.
 
SUYUN FAYDALARI 
 
Su orqanizmdə oksigenin dövranı üçün vacibdir. Eyni zamanda qanın tərkibinə keçərək müəyyən maddələrin hərəkətinə kömək edir. Su hüceyrələrdə baş verən bütün proseslərdə iştirak edir.
 
Gün ərzində l1,5-2 litr q su içmək lazımdır. 
 
Həkimlər hamiləlik dövründə qəbul edilən su miqdarını artırmağı məsləhət görürlər. Bu, həm anaya, həm də ana bətnindəki körpəyə faydalıdır. Gündəlik içilən su miqdarını 2.5 litrə qədər artırmaq lazımdır. Şiş yaranmaması üçün qəbul edilən duz miqdarını kəskin azaltmaq məsləhət görülür.
 
Böyrək üçün ən faydalı profilaktika onların daim işləməsidir. Buna görə də orqanizmə lazım olan su daxil olmalıdır. Rejimə uyğun su içmək məsləhət görülür. Bədəni və böyrəkləri yükləmək də olmaz. 
 
Bir sıra hallarda insan su normasını gün ərzində 3 litrə qədər artırmalıdır. Bu hallar aşağıdakılardır:
 
1.Gərgin fiziki rejim
 
2.İdmanla məşğul olmaq
 
3.Qusmaq
 
4.Çox tərləmək
 
5.Zəhərlənmək
 
6.Yüksək hərarət
 
7.Təyyarə ilə uçmaq
 
Su orqanizmdəki bütün proseslər üçün vacibdir. Xüsusilə aşağıda sadalanan hallar varsa, onda suyu daha çox içməlisiniz:
 
*Əgər dəriniz quruyursa, dodağınız çatlayırsa və qırışlar düşürsə
 
*Həzmdə problem varsa, mədənizdə yanğı varsa
 
*gözləriniz acışırsa
 
*ağızda quruluq varsa
 
*ümumi yorğunluq hiss edirsizsə
 
*ac olanda 
 
Suyu əsasən otaq temperaturunda içmək məsləhətdir. Bir çox hallarda soyuq su içmək spazma ilə nəticələnir. Qaynar su isə selikli qişanı yandırır.
 
Səhər acqarına 1-2 stəkan su içmək orqanizmə faydalıdır. Bu, gecə istirahətindən sonra həzm prosesini oyadır və işə salır, iştahanı normallaşdırır, səhər mədə qıcqırmasını aşağı salır, mədənin divarlarını təmizləyir.
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.   

Create Account



Log In Your Account