Apr 21 2020 11:04
Elshad Aliyev
Views: 68

İsveçrə hökuməti (Federal Şura) COVID-19 pandemiyası ilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyətdən mərhələli şəkildə çıxmaq qərarı qəbul edərək, həmin mərhələlərlə bağlı üç mühüm tarixi (27.04.2020, 11.05.2020 və 08.06.2020) əhalinin diqqətinə çatdırıb.

Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata əsasən, Federal Şura üzvləri aşağıdakı tədbirlərin həyata keçirilməsinə dair razılığa gəliblər:

Aprelin 27-dən ölkədə fəaliyyət göstərən həkimlərin, o cümlədən diş həkimlərinin iş yerlərinin yenidən açılmasına, eləcə də təcili olmayan bütün xəstələrin xəstəxanalardakı qəbuluna icazə verilir. Federal Şuranın üzvü Alain Berset bildirib ki, əhalinın mütəmadi tibbi müayinədən keçməməsi gələcəkdə səhiyyədə digər problemlər yarada bilər və bununla bağlı tibbi sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyəti yenidən başlanacaq.

Həmin tarixdən bərbərxanaların, gözəllik və kosmetik salonların açılması nəzərdə tutulur. Bununla əlaqədar müvafiq gigiyena qaydalarına əməl olunması və qoruyucu tibbi vasitələrdən istifadə edilməsi tələb olunur. Eyni zamanda, gül dükanlarının, tikinti və bağ ləvazimatları mağazalarının açılmasına icazə veriləcək.

Aprelin 27-dən dəfn mərasimlərinin yalnız ailə üzvlərinin iştirakı ilə keçirilməsi qadağası da aradan qaldırılır.

Mayın 11-dən isə məktəblərin və digər mağazaların açılması planlaşdırılır. Bununla əlaqədar olaraq, İsveçrə parlamenti aprelin 29-da qərar qəbul edəcək.

Mayın 8-dən universitetlərin, peşə məktəblərinin, muzeylərin, kitabxanaların, botanika bağlarının, ölkədə mövcud olan zooparkların açılması planlaşdırılır. Vətəndaşların toplaşmasına da icazə veriləcək. Bununla əlaqədar İsveçrə parlamenti mayın 27-də qərar qəbul edəcək.

Keçirilmiş mətbuat konfransında bildirilib ki, kafelərin, restoranların və digər iaşə obyektlərinin açılması iyunun 8-dən planlaşdırılır, lakin həmin tarixə qədər əhalinin kafelərdə və restoranlarda virusa yoluxmamasının layihələri üzərində iş aparılacaq və hər bir iaşə obyekti təfərrüatlı plan təqdim edəcək.

Mətbuat konfransında çıxış edən İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Somaruqa fövqəladə vəziyyətdən çıxış planının mərhələli şəkildə olmasının vacibliyini vurğulayıb. O, virusun yenidən geniş yayılması halına rast gəlinərsə, fövqəladə vəziyyətin yenidən qüvvəyə minməsinin qaçılmaz olduğunu diqqətə çatdırıb. S.Somaruqa belə bir vəziyyətin olacağı təqdirdə əhalinin böyük stress ilə qarşılaşacağını qeyd edərək, bu halın yaranmaması üçün mərhələli şəkildə çıxış strategiyasının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Mətbuat konfransında iyunun 8-dək pandemiyanın ölkədə yayılmasının öyrəniləcəyi və böyük tədbirlərin (konsertlər, sərgilər və s.) nə zaman baş tutacağı barədə daha sonra ictimaiyyətin məlumatlandırılacağı bildirilib. Bununla yanaşı, sosial məsafənin və gigiyena qaydalarına əməl etmənin zəruriliyi də vurğulanıb, ölkədə genişləndirilmiş test strategiyasının və təmasların rəqəmsal izlənilməsi üzərində işin aparıldığı qeyd edilib.


Create Account



Log In Your Account