Jan 17 2017 10:56
Ulviyye Sabirqizi
Views: 1613

Bu gün İsveçrənin Davos qəsəbəsində ənənəvi Dünya İqtisadi Forumu başlayır. Sayca 49-cu olan forum yanvarın 21-dək davam edəcək. Dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcək, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəklər.

Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbul təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib. Dövlət başçısı tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabla görüşüb.

Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etmişdi.
Prezident İlham Əliyev Davosda “McKinsey” şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb. Dominik Barton Azərbaycandakı inkişaf proseslərini və iqtisadi sahədə aparılan islahatları yüksək qiymətləndirib. Söhbət zamanı “McKinsey” şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə McKinsey şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 


Create Account



Log In Your Account