Apr 10 2020 15:01
Elshad Aliyev
Views: 90

Aprelin 9-da İslam Ölkələri Təşkilatı (İƏT) və hazırda təşkilata sədrlik edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin təşkilatçılığı ilə İƏT Səhiyyə Nazirləri İcraiyyə Komitəsinin koronavirus pandemiyası ilə əlaqədar videokonfrans vasitəsilə təcili iclası keçirilib. AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın Ciddə şəhərində yerləşən mənzil-qərargahından məlumat verilib.

İclasda üzv ölkələrin nazirləri koronavirus pandemiyası ilə bağlı informasiya mübadiləsi aparıb, COVID-19 virusunun yayılmasına qarşı əlavə tədbirləri müzakirə ediblər. Qeyd olunub ki, İslam ölkələri arasında humanitar fəlakətlər dövründə sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət təşkilatın Nizamnaməsinin əsas müddəalarından biridir.

Nazirlər qeyd ediblər ki, COVID-19 pandemiyası İƏT-ə üzv ölkələrdə milli, regional səviyyədə daha təsirli tədbirlərin görülməsini, xüsusən əhalinin aztəminatlı təbəqəsinin qorunmasını tələb edir. Onlar pandemiya ilə mübarizədə həkimlərin və tibb personalının əməyini xüsusi olaraq vurğulayıblar.

Virtual iclasda dini və icma liderlərinin, habelə ilahiyyatçıların koronavirus pandemiyasına qarşı əhalinin maarifləndirilməsi sahəsində rolu da təqdir edilib. İslam Məşvərət Qrupunun (IAG) dini icmalar, İƏT Baş Katibliyi, Beynəlxalq İslam Fiqh Akademiyası, İslam İnkişaf Bankı və Əl-Əzhar Əş-Şərif Universiteti ilə birgə fəaliyyəti də yüksək qiymətləndirilib.

İcraiyyə Komitəsinin iclasında üzv ölkələrə, Ümumdünya Səhiyyə Təşkilatına, UNICEF və Vaksin Alyansına (GAVI) COVID-19 əleyhinə vaksinin tez bir zamanda tapılması üzrə çağırış edilib, üzv ölkələrin alyansın iyunda Londonda keçiriləcək iclasında fəal iştirak etmək tövsiyə olunub. Bundan başqa, xeyriyyə təşkilatları, filantroplar və digər beynəlxalq strukturların yoxsul ölkələrə humanitar yardımı artırmalarının zəruriliyi qeyd edilib.

Sonda vurğulanıb ki, təşkilata üzv ölkələr informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə, pandemiya ilə bağlı vəziyyət barədə dəqiq məlumatların yayılmasına diqqət yetirməli, öz aralarında informasiya mübadiləsi aparmalı, insanların yanlış məlumatlandırılmasının qarşısını almalıdırlar.

İƏT Səhiyyə Nazirləri İcraiyyə Komitəsinə Səudiyyə Ərəbistanı, BƏƏ, Maldiv, Pakistan, Mavritaniya, Çad, Türkiyə, Misir, Malayziya, İndoneziya və Sudan daxildir. Komitənin iclasında İƏT-in strukturları, o cümlədən Elmi və Texnoloji Əməkdaşlıq Daimi Komitəsi (COMTECH), İslam Ölkələri Statistika, Tədqiqatlar, Treninq Mərkəzi (SESRIC), İslam İnkişaf Bankı və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) iştirak ediblər.


Create Account



Log In Your Account