Feb 10 2017 18:16
Ulviyye Sabirqizi
Views: 1163

Taekvandoçularımız Antalyada keçirilən klublararası Avropa çempionatının sonuncu günündə daha altı medal qazanıblar.

Azərbaycan Taekvando Federasiyasından CBC-yə bildiriblər ki, 40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Milad Beigi Hərçəqani (80 kq, “Gilan”) və Patimat Abakarova (53 kq, “Gilan”) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Radik İsayev (87 kq-dan yuxarı, “Gilan”) və Ramin Əzizov (87 kq, “Qafqaz”) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənməli olublar. Daha üç idmançımız - Yaprak Eriş (57 kq, “Gilan”), Fəridə Əzizova (67 kq, “Gilan”) və Ceyhun Həsənli (87 kq-dan yuxarı, “Savalan”) isə yarışı bürünc medalla başa vurublar.

Dörd gün davam edən çempionatda Azərbaycanda fəaliyyət göstərən taekvando klublarının yetirmələri ümumilikdə 31 medal qazanaraq uğurlu nəticəyə imza atıblar. Yarışın nəticələrinə görə “Gilan” idman klubu bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında ilk pilləyə yüksəlib və qitənin ən güclü klubu adını qazanıb.

Qeyd edək ki, fevralın 11-də “Turkish open” beynəlxalq turnirinə start veriləcək. Bu yarışda Azərbaycan milli komandalarının üzvləri, habelə ölkəmizin bir sıra klubları təmsil olunacaq.

 


Create Account



Log In Your Account