Apr 24 2020 14:07
Elshad Aliyev
Views: 60

“Taliban” hərəkatı Əfqanıstan Prezidenti Əşrəf Qaninin atəşkəs barədə çağırışını rədd edib.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, Ramazan ayı ərəfəsində Əfqanıstan lideri taliblərə müraciət edərək koronavirusun yayılması ilə bağlı atəşkəs çağırışı edib. “Taliban” hərəkatının çağırışı qəbul etmədiyi bildirilir.

“Koronavirus səbəbindən minlərlə əsirin həyatı təhlükə altında qalırsa, sülh prosesi və sazişin tam yerinə yetirilməsi yolunda maneələr yaranır, ...atəşkəs barədə çağırış məqsədəuyğun və inandırıcı deyil”, - hərəkatın Qətərdə yerləşən siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin özünün “Twitter” səhifəsində belə yazıb.

Onun sözlərinə görə, ABŞ-la sazişin tam reallaşdırılması möhkəm sülh və atəşkəsə gətirib çıxaracaq.

“Taliban” hərəkatı bu sazişə əsaslanaraq Əfqanıstan hakimiyyətindən 5 min əsirin azad olunmasını tələb edir. Hakimiyyət isə tədricən 1,5 min məhbusun azad edilməsinə razılıq verib.

Bir qədər əvvəl “Taliban” hərəkatının nümayəndəsi Zabihullah Mücahid aprelin 12-də 20 əsirin, aprelin 17-də isə daha 20 polisin azad edilərək Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə təhvil verildiyini bildirib. Əfqanıstan hökuməti isə hələlik ümumilikdə 661 məhbusu sərbəst buraxıb.

Xatırladaq ki, fevralın 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişdə martın 10-dan etibarən taliblər ilə Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejiminin başlanması nəzərdə tutulurdu. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyindəki minə yaxın hərbçisi azad olunmalı idi.


Create Account



Log In Your Account