May 06 2020 12:44
Elshad Aliyev
Views: 159

İtaliyanın Notizie Geopolitiche onlayn qəzetində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans vasitəsilə təşkil edilmiş zirvə görüşünün əhəmiyyətindən bəhs edən məqalə dərc edilib. Məqalədə Azərbaycanın nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər gördüyü, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi diqqətə çatdırılıb. Bu zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci zirvə görüşü olduğu bildirilib, hazırda Azərbaycanın sədri olduğu digər bir qurum olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Prezident İlham Əliyevin təşəbbüsü ilə COVİD-19-a qarşı zirvə görüşünün keçirildiyi bildirilib.

CBC xəbər verir ki, məqalədə zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin açılış nitqinə istinadən koronavirusun yayılmasının qarşısının alınması istiqamətində prioritet olan insan sağlamlığının qorunmasının və sosial müdafiənin təmin edilməsi üçün ölkəmizin həyata keçirdiyi profilaktik tədbirlər, ölkədə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün qəbul edilmiş dəstək paketlərindən bəhs edilib. Habelə bildirilib ki, həyata keçirilən bütün tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmış,  son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbət olmuşdur. Məqalədə, eləcə də koronavirusa qarşı mübarizədə Azərbaycanın beynəlxalq əməkdaşlığına, Prezident İlham Əliyevin qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdiyi diqqətə çatdırılıb.

Məqalədə zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bandenin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesusun,  Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamatın, Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin və digər 40 a yaxın hökumət və dövlət başçılarının çıxış etdiyi qeyd olunub. Bu xüsusda edilmiş videomüraciətlərdən sitatlar verilərək qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın vacibliyi vurğulanaraq görüşün təşkilinə görə Azərbaycan xalqına, hökumətinə və  Prezident İlham Əliyevə təşəkkür edildiyi qeyd olunub.

Məqalədə qeyd olunub ki, hazırda Qoşulmama Hərəkatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi çərçivəsində Azərbaycanın təşəbbüsü ilə müvafiq olaraq 10 aprel və 4 may tarixində  keçirilmiş zirvə görüşləri göstərdilər ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-a qarşı mübarizə üçün təsirli tədbirlər görür, eyni zamanda koronavirusa qarşı mübarizədə regional və qlobal səviyyədə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə də mühüm töhfə verir.

Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.notiziegeopolitiche.net/lazerbaigian-guida-la-cooperazione-internazionale-contro-il-covid-19/


Create Account



Log In Your Account