Apr 23 2021 15:03
Elshad Aliyev
Views: 98

İtaliyanın dəmir yolu və şəhər nəqliyyatı işçiləri “Orsa” həmkarlar ittifaqının çağırışı ilə ümummilli tətilə başlayıb.

AZƏRTAC İtaliya KİV-lərinə istinadla xəbər verir ki, tətil iştirakçıları hakimiyyətdən təcili olaraq COVID-19 əleyhinə vaksinasiya tələb edirlər.

“Hökumət səviyyəsində vaksinasiya proqramına daxil olmaq üçün üstünlük verilən kateqoriyalar tərtib ediləndə nəqliyyat işçiləri naməlum səbəbdən siyahıdan kənarda qalıb”, - deyə həmkarlar ittifaqının rəhbərliyi bildirib.

İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumata əsasən, şəhər nəqliyyatı əməkdaşlarının əksəriyyəti işlərinə əsasən axşam vaxtı dörd saat ara verəcək. Belə ki, Romada avtobusların, tramvayların, metronun və şəhərətrafı elektrik qatarlarının hərəkəti yerli vaxtla saat 21:30-da dayandırılacaq. Ölkənin bir sıra iri şəhərlərinin nəqliyyat işçiləri də analoji qərarlar qəbul edib.

Milan şəhərində ATM nəqliyyat kompaniyasının rəhbərliyi 10 min əməkdaşını vaksinasiya etməyə boyun olsa da, nəqliyyat işçiləri həmkarlar ittifaqının tələbini dəstəkləyib, lakin tətildə iştirak etməyəcəklərini bildiriblər.

İtaliyanın dəmir yolu nəqliyyatında isə tətil səkkiz saat davam edəcək. Bununla yanaşı, ölkənin ən böyük dəmir yolu kompaniyası – İtaliya Dövlət Dəmir yolları (FSI) sürət qatarlarının qrafik üzrə hərəkət edəcəyi barədə məlumat yayıb.


Create Account



Log In Your Account