May 15 2020 14:07
Elshad Aliyev
Views: 678

İtaliya mətbuatında bu ölkənin Azərbaycandakı sabiq səfiri, Azərbaycanın Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta ilə İtaliyanın Ermənistandakı sabiq səfiri, İtaliya-Ermənistan Ticarət və Sənaye Assosiasiyasının fəxri sədri Bruno Skapini arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mübahisə baş verib.

AZƏRTAC xəbər verir ki, italyan jurnalist Domeniko Letizianın “Un Mondo d’Italiani” onlayn qəzetində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Azərbaycanın münaqişənin nizamlanmasına dair beynəlxalq sənədlərə əsaslanan haqlı mövqeyi və bu xüsusda, Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərinin geniş yer aldığı “Dağlıq Qarabağda seçkilər: Azərbaycan Ermənistanı küncə sıxışdırır” başlıqlı məqaləsi İtaliyanın Ermənistandakı sabiq səfiri, İtaliya-Ermənistan Ticarət və Sənaye Assosiasiyasının fəxri sədri Bruno Skapininin hiddətinə səbəb olub. Bruno Skapini qəzetin redaksiyasına göndərdiyi məktubunda italyan jurnalisti fikirlərinə görə tənqid edib, münaqişə ilə bağlı erməni tərəfinin iddialarını dəstəkləyən, tarixi və hüquqi faktları təhrif edərək ölkəmizə münasibətdə qərəzli fikirlərlə çıxış edib.

Buna cavab olaraq, İtaliyanın Azərbaycanda sabiq səfiri, Genuya şəhərində Azərbaycanın fəxri konsulu Marqarita Kostanın qəzetin redaksiyasına göndərdiyi məktub qəzetin saytında dərc olunub. Məktubunda xanım Kosta jurnalist Domeniko Letizianın fikirlərini müdafiə etdiyini və onları tam şəkildə bölüşdüyünü bildirib. O, Bruno Skapiniyə səslənərək, onun tanımadığı, bəlkə də heç zaman səfər etmədiyi bir ölkəni tənqid etməsinin və hansı tarix kitablarını jurnalistə oxumağı məsləhət bilməsinin təəccüb doğurduğunu deyib, eləcə də qarşı tərəfin iddialarını tarixi və hüquqi faktlarla alt-üst edib. Bruno Skapininin ərazinin “tarixən Artsax” adlandırılması ilə bağlı fikrinə münasibət bildirən Marqarita Kosta bu sözün də ermənilərə heç bir aidiyyətinin olmadığını, türkcə izah olunduğu halda bu sözün nə qədim, nə də müasir erməni dilində heç bir məna vermədiyini qeyd edib. “Artsax” sözünün qədim türk tayfası olan sakların adı ilə bağlı olduğunu və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verdiyini, bu adın eramızdan əvvəl II yüzillikdən etibarən istifadə edilməyə başlandığını, sonradan Qarabağ toponiminin istifadə edildiyini deyib. Marqarita Kosta Dağlıq Qarabağ ərazisinin tarixi Azərbaycan torpağı olan Qarabağın dağlıq hissəsi olduğunu deyib. Qarabağ sözünün mənasını izah edən diplomat qədim dövrlərdən başlayaraq Rusiya imperiyası tərəfindən işğalına qədər bu ərazinin sonuncusu Qarabağ Xanlığı olmaqla müxtəlif Azərbaycan dövlətlərinə məxsus olduğunu vurğulayıb.

Bruno Skapininin Sovet İttifaqı dövründə Dağlıq Qarabağın hüquqi statusu və bu problemə münasibətdə öz müqəddəratını təyinetmə hüququnun tətbiqi ilə bağlı səthi və qərəzli fikirlərinə Marqarita Kosta hüquqi nöqteyi-nəzərdən geniş izahat verib. Dağlıq Qarabağın sovetlər dövründə Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusuna malik olduğunu, SSRİ daxilində müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydalarının SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit edildiyini, müttəfiq respublikanın ərazisinin onun razılığı olmadan dəyişdirilməsinin mümkün olmadığını, müttəfiq respublikalar arasında sərhədlərin müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin mərkəzi orqanlarının müvafiq təsdiqi nəticəsində mümkün ola bildiyini, Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) münasibətdə isə bunun baş vermədiyini bildirib. SSRİ-nin dağılmasından sonra uti possidetis juris beynəlxalq hüquq doktrinasının yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq legitimliyinin əsasını təşkil etdiyini, bu doktrinaya əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədlərinin beynəlxalq sərhədlər olaraq tanındığını bildirib. Marqarita Kosta öz müqəddəratını təyinetmə prinsipinin hər hansı bir dövlətin tərkibindən ayrılmağa haqq qazandıran hüquq kimi təfsir edilə bilməyəcəyini, öz müqəddəratını təyinetmə prinsipini “əsas gətirərək” müstəqil Azərbaycanın tərkibindən ayrılmağın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş dövlətlərin ərazi bütövlüyü və digər müvafiq prinsiplərinin pozulması demək olduğunu qeyd edib. Marqarita Kosta münaqişədən əvvəl Dağlıq Qarabağda erməni və Azərbaycan icmalarından ibarət əhalinin yaşadığını, lakin Ermənistan ordusunun həmin ərazidən azərbaycanlıları tam şəkildə qovduğunu bildirib. Azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından sonra Azərbaycan və erməni icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları çərçivəsində öz müqəddəratını təyinetmə hüququndan tam faydalanma haqqına sahib olduqlarını vurğulayıb.

Bruno Skapininin Xocalı qətliamını, Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan bütün azərbaycanlıların qovulmasını unutduğunu bildirən Marqarita Kosta 750 min azərbaycanlı məcburi köçkünün öz torpaqlarından və evlərindən qovulması faciəsinin canlı şahidi olduğunu, bu insanlar üçün ENİ şirkəti tərəfindən 2003-cü ildə tikilmiş evlərdən ibarət qəsəbənin açılışında iştirak etdiyini deyib. Marqarita Kosta Bakının tam mərkəzində yerləşən erməni kilsəsinə heç bir zərər vurulmadığı halda, işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi abidələrinin dağıdıldığını da diqqətə çatdırıb.

Qafqazı anlamaq üçün “Əli və Nino” kitabını oxumağı məsləhət görən italyan diplomat yazısını bu fikirlərlə tamamlayıb: “Fürsətdən istifadə edərək həmkarım səfir Skapinini Azərbaycana səfərə dəvət edirəm və onu bu gözəl ölkəyə səfərdə məmnuniyyətlə müşayiət də edərəm.”

Məqalələr ilə aşağıdakı keçidlərlə tanış olmaq mümkündür:

https://www.unmondoditaliani.com/elezioni-a-nagorno-karabakh/

https://www.unmondoditaliani.com/nagorno-karabakh-guerra-epistolare-lambasciatore-ditalia-in-azerbaigian-costa-vs-lambasciatore-in-armenia-scapini/


Create Account



Log In Your Account