Feb 08 2017 16:56
Ferah Sabirqizi
Views: 903

Türkiyə hökuməti ilə Dünya Bankı (DB) arasında TANAP layihəsinə 400 mln. dollar məbləğində kreditin ayrılmasına dair razılaşma imzalanıb.

Sənədi DB-nin Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller və Türkiyənin BOTAŞ şirkətinin baş direktoru Burah Özcan imzalayıblar.

Tədbirdə çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, gələn il TANAP vasitəsilə Türkiyə ilk qazını alacaq.

Xatırladaq ki, ötən ilin dekabr ayının 20-də DB-nin Direktorlar Şurası "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinin reallaşdırılması məqsədilə Azərbaycana 400 mln. dollar həcmində kreditin ayrılmasını təsdiq edib. Kreditlər üzrə benefisiar qismində "Cənub Qaz Dəhlizi" QSC və BOTAŞ çıxış edirlər.

Ümumi uzunluğu 1 850 km olan TANAP qaz kəməri "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.

17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək

 TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAŞ - 30%.

 


Create Account



Log In Your Account