Jun 11 2018 12:30
Ferah Sabirqizi
Views: 387

Əskişəhər Türkiyədə indiyədək həyata keçirilmiş ən böyük enerji layihəsi hesab olunan TANAP-ın açılışına hazırlaşır. Bütün diqqət Əskişəhərdə yerləşən qaz qəbulu və paylanması məntəqəsinə yönəlib.

Azərbaycan qazını Türkiyə ərazisi ilə nəql edəcək Transanadolu boru kəmərinin açılışı sabah arxamda gördüyünüz ərazidə baş tutacaq. Bura boru kəmərinin əsas kompressor stansiyasıdır. Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin, eləcə də bir neçə ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir. Həmçinin, Avropa İttifaqından bir neçə yüksək səviyyəli qonağın da tədbirə qatılması gözlənilir.

Ərazidə tədbirə hazırlıqlar tamamlanıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Texniki baxımdan da hər şey Şahdəniz-2 qazını qəbul etməyə tam hazırdır. Kompressor stansiyaları iki hissədən ibarətdir. Bir hissə qazı yüksək təzyiqlə təmin edərək Türkiyə ərazisinə - Botaşın qazpaylayıcı şəbəkəsinə, digəri isə TAP kəməri vasitəsilə Avropaya ötürəcək.

TANAP-ın Türkiyə ərazisindəki ölçmə kompressor stansiyası qazı qəbul etməyə tam hazırdır. Boru kəmərinin ötürücülük qabiliyyəti ilkin mərhələdə 16 milyard kubm-dir. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyardı Türkiyəyə tədarük ediləcək. TANAP-ın icrası zamanı həm vaxta, həm də vəsaitə qənaət olunub. Belə ki, ilkin mərhələdə layihənin ümumi dəyəri 12 milyard dollar nəzərdə tutulsa da, təxminən 4 milyard dollara qənaət etmək mümkün olub.  Layihənin səhmdarlarına gəlincə isə, TANAP layihəsində əsas pay sahibi Azərbaycandır. SOCAR və Cənub Qaz Dəhlizi QSC-nin ümumi payı 58% təşkil edir. Türkiyənin BOTAŞ şirkəti 30%, Bp 12% paya malikdir.

TANAP texniki göstəricilərinə görə də yalnız Türkiyə və Azərbaycanın deyil, bütün Avropanın ən böyük enerji layihələrindən biridir. Kəmər Türkiyənin şərqindən Ardahandan başlayan boru kəməri ümumilikdə 20 vilayətindən və 70-ə qədər rayonundan keçərək 1850 kilometr məsafədə uzanır və Türkiyə-Yunanıstan sərhədində TAP-a qoşulur. Əsas hissəsi quruda olsa da, kəmərin Çanaqqala boğazında dəniz və Sakaryada çay keçidləri də var. Sakaryadakı keçid Avropadakı boru kəmərləri arasında ən böyük çay keçidi sayılır.


Create Account



Log In Your Account