Nov 29 2019 14:14
Elshad Aliyev
Views: 104

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) ilə hazırda Azərbaycan təbii qazı Türkiyəyə nəql edilir. Növbəti mərhələdə isə boru kəməri Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ardahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP Azərbaycan qazının Avropaya nəqli üçün mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir

Layihə “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyə ilə Avropaya nəqlini nəzərdə tutur. TANAP layihəsi ilə bağlı Azərbaycanla Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycanın və Türkiyənin prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.

Layihə təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük gücü 16 milyard kubmetr qaz təşkil edəcək.

Türkiyə indiyədək TANAP-la 3,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb

“Enerjinin İpək yolu” adlandırılan TANAP regionun və Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Boru kəmərinin birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la bu vaxtadək Türkiyəyə 3,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib. Cari ildə boru kəməri ilə 2 milyard kubmetrədək qaz nəql olunub. İlin sonunadək isə qaz nəqli ümumilikdə 4 milyard kubmetrə çatacaq.

2021-ci ildə isə boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr qazın göndərilməsi planlaşdırılır. Türkiyənin Azərbaycanla ilk təbii qaz müqaviləsi ildə 6,6 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. TANAP-ın təmin edəcəyi əlavə 6 milyard kubmetrlik artımla Türkiyənin istehlak edəcəyi Azərbaycan qazının həcmi ildə 12,6 milyard kubmetrə çatacaq.

Boru kəmərinin Avropaya qaz nəqli üçün nəzərdə tutulan ikinci fazasının istismara verilməsi çərçivəsində bu il aprelin 15-dən etibarən sistemə qaz vurulmağa başlanıb. Bu faza boru kəmərinin Əskişəhərin Seyitqazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsini əhatə edir. TANAP bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Boru kəmərinin Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək.

TANAP üzrə illik gəlirin 58 faizi Azərbaycanın payına düşəcək

Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 40 faizdən çoxuna, 5 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və bu vaxtadək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.

TANAP beynəlxalq maliyyə qurumlarının və bankların diqqətini cəlb edib. Belə ki, indiyədək Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) birbaşa müvafiq olaraq 400 milyon və 600 milyon dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit ayrılıb.

Lakin layihənin icrası zamanı xərclərin azalması sayəsində Azərbaycan 2,75 milyard dollarlıq borclanmadan imtina edib. Birinci paket olaraq 2 milyard dollarlıq borclanmadan imtina olunub, sonra isə Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) 750 milyon dollarlıq kreditin götürülməsinə ehtiyac qalmayıb.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. Səhmdarlar layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

Layihə beynəlxalq mükafatlara layiq görülüb

TANAP çərçivəsində ətraf mühitə və ictimaiyyətə hörmət ifadəsi olaraq bu günədək 1000-dək sosial və ətraf mühit layihəsini həyata keçirilib, xətt boyunca fiber-optik kabellər çəkilməsi üzrə işlər artıq yekunlaşıb, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunub. Belə ki, sosial dəstək və sosial məsuliyyət sahəsində dünyadakı ən nüfuzlu təşkilatlardan biri olan “Communitas” TANAP-ı marşrut üzrə sosial və ətraf mühit investisiya proqramlarına görə, “Sosial xidmətlər və korporativ sosial məsuliyyət üzrə liderlik” mükafatına layiq görüb. TANAP boru kəməri marşrutu boyunca investisiya və inkişaf layihələrini dəstəkləyən sosial və ətraf mühit üzrə investisiya proqramları (SEIP) ilə mərkəzi ofisi Böyük Britaniyada yerləşən “The International CSR Excellence Awards” təşkilatı tərəfindən “Davamlılıq” kateqoriyasında mükafatlandırılıb. Həmçinin TANAP ABŞ-da təsis edilən Beynəlxalq Biznes Mükafatı (The Stevie Awards) üzrə “Avropada ilin korporativ sosial məsuliyyət proqramı” nominasiyasında qalib seçilib.

Bundan başqa, enerji səmərəliliyini təmin edən və ekoloji cəhətdən ən son texnologiyalar istifadə edilərək qurulan TANAP-ın Əsas İdarəetmə Mərkəzinin binası ABŞ-ın Yaşıl Bina Şurası (USGBC) adından “Green Business Certification Inc.” (GBCI) tərəfindən bir sıra ekoloji, sosial və iqtisadi meyarlara dair qiymətləndirmələr nəticəsində “LEED® Gold” (enerji və ekoloji baxımdan mühəndislikdə lider) sertifikatına layiq görülüb. “LEED®” dünyanın ən yaxşı və tanınan yaşıl bina sertifikatıdır.

TANAP “Davamlılıq” kateqoriyasında “2019-cu il yaşıl dünya” mükafatını da qazanıb. Layihə ətraf mühitin qorunması və davamlılıq sahəsində ən müvəffəqiyyətli layihələri qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada olan “The Green Organisation” tərəfindən bu beynəlxalq mükafata layiq görülüb.

Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi artıq tamamlanıb. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. TANAP tarixə, eyni zamanda, Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz kəməri kimi düşüb. Beləliklə Azərbaycan bu gün bütün dünyaya bir daha göstərir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik.

 


Create Account



Log In Your Account