Feb 26 2020 16:18
Elshad Aliyev
Views: 142

1992-ci il 25 fevral tarixdən 26-na keçən gecə Ermənistan Respublikasının qoşunları tərəfindən Dağliq Qarabağın Xocalı şəhərinə etdiyi hücum zamanı. ümumilikdə 613 günahsız Azərbaycan vətəndaşı, onlardan 106-sı qadın, 63-ü uşaq və 70-i qoca vəhşicəsinə qətlə yetirildi. 76-sı nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb və 1275 nəfər erməni qüvvələri tərəfindən əsir götürülüb. O vaxtdan bəri itkin düşən 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın bundan tam 28 il əvvəl Xocalıda qarşı-qarşıya qaldıqları vəhşi hücum və qırğını hər zaman ürəyimizin ən dərinlərində hiss edir, bu ağrını ən səmimi duyğularımızla paylaşırıq. Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən törədilmiş bu qətliamı və illərlə Azərbaycan torpaqlarının işğalını şiddətlə pisləyirik.

Bəşər tarixinin qara səhifələrindən olan Xocalı qətliamı sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik baxımından bölgə üçün problem olaraq qalmaqdadır. Dinc əhaliyə qarşı yönəlmiş bu qəddar, qeyri-insani təcavüz və davam edən işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı qardaşımız vətənlərini tərk etmək məcburiyyətində qalmış və dörddə bir əsrdən çoxdur ki, qaçqın həyatı yaşamağa məhkum edilmişdir. Bu cinayətin şahidləri və zərərçəkənləri hələ də sağdır. Bir başqa sözlə, Xocalıda baş verənlər tarixi bir hadisə deyil, bu günün acı reallığıdır.

Bir daha vurğulayırıq ki, beynəlxalq ictimaiyyət bəşəriyyət üçün qanlı ləkə olan belə təcavüzkar hərəkətlərin təkrarlanmaması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərarları çərçivəsində bu qətliama layiqli qiymət verilməli və lazımi reaksiya göstərilməlidir. Bu haqlı davalarında azərbaycanlı qardaşlarımızla həmrəy olduğumuzu bildirmək istərdik. Bu münasibətlə bu cinayəti törədənlərin beynəlxalq hüquq normalarına uyğun olaraq məhkəmə önünə çıxarılması və Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarından dərhal geri çəkilməsi tələbimizi bir daha təkrar edirik.

Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk.


Create Account



Log In Your Account