Dec 19 2019 12:42
Elshad Aliyev
Views: 122

Prezident İlham Əliyevin görkəmli şair, dramaturq, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamının icrası məqsədilə respublikanın bir sıra müəssisə və təşkilatlarında tədbirlər planı həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirlərin sırasında dekabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yeni yaradılmış Cabbarlı ekspozisiyasının açılışı nəzərdə tutulur.

Yeni tərtibatla hazırlanmış ekspozisiya sahəsində cari təmir və möhkəmləndirmə işləri aparılıb, müasir, interaktiv, rəqəmsallaşdırılmış bədii tərtibat işləri həyata keçirilib.

Burada ədibə məxsus şəxsi əşyalar, onun həyat və yaradıcılığına aid eksponatlar, əsərlərinin səhnə təcəssümünü əks etdirən dekorasiya və geyim eskizləri, əlyazmalar, fotolar, tamaşalardan və filmlərdən fraqmentlər virtual olaraq sərgilənəcək.

Təqdim olunan materiallarda Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna, musiqisinə verdiyi töhfələr, onun ictimai fəaliyyəti tam əhatə olunur.

Tədbir çərçivəsində dramaturqun adını daşıyan Teatr Muzeyinin yaradılmasının 85 illik yubileyi də qeyd ediləcək.

Tədbir iştirakçıları xüsusi hazırlanmış videoçarxdan muzeyin ümumi fəaliyyəti ilə bağlı məlumat alacaqlar. Daha sonra Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında Cəfər Cabbarlının əsərlərindən ibarət kompozisiya göstəriləcək.

Xatırladaq ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb və dövlət statusu ilə fəaliyyətə başlayıb. Hazırda muzeyin fondunda 137 mindən artıq eksponat qorunur. Bunların sırasında teatr korifeylərinin həyat və yaradıcılığını əks etdirən şəxsi əşyalar, əlyazmalar, rejissor eksplikasiyaları, tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri, foto və neqativlər və s. var. Azərbaycan mədəniyyətində və incəsənətində xüsusi xidmətləri olan bir çox görkəmli sənətkarların, o cümlədən Ədil İskəndərov, İsmayıl Hidayətzadə, Mehdi Məmmədov, Tofiq Kazımov, Sidqi Ruhullanın şəxsi arxivləri ilə birgə Cəfər Cabbarlının şəxsi arxivinin böyük bir hissəsi məhz Teatr Muzeyində qorunur. Muzey milli teatr tariximizi yaşatmaqla yanaşı, onun təbliği ilə də məşğul olur.


Create Account



Log In Your Account