Jun 03 2020 18:00
Elshad Aliyev
Views: 193

Cənubi Koreyanın “The Korea Post” qəzetində "Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü" başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, qəzetin həm Koreya, həm də ingilis dilindəki versiyasında çap olunan məqalədə müsəlman dünyasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə müxtəlif istiqamətlərdə nail olduğu uğurlardan söz açılıb. Qeyd olunub ki, Xalq Cümhuriyyəti daxili və xarici çətinliklərə baxmayaraq, səmərəli dövlət təsisatları yarada, vətəndaşlarının hüquqlarını təmin edə, beynəlxalq birliyin etimadını qazana bilib. Təhsil sahəsində ən böyük nailiyyətlərdən olan Bakı Dövlət Universitetinin yaradılması, hökumətin iqtisadi çətinliklərə baxmayaraq, təxminən 100 gənci Avropanın nüfuzlu universitetlərinə təhsil almaq üçün göndərməsi vurğulanıb.

Qəzet yazır ki, müstəqillik bəyannaməsində qeyd olunduğu kimi, bütün dövlətlərlə, xüsusən də qonşular ilə dost münasibətlərin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət prioritetlərindən biri olub. Parlament nümayəndə heyətinin Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına nail olması gənc dövlətin ilk ən böyük diplomatik uğuru kimi qiymətləndirilib. Qeyd edilib ki, 1920-ci ilin əvvəlində daxili və xarici siyasi vəziyyətin pisləşməsi ilə Xalq Cümhuriyyəti süqut edib.

Məqalədə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyi vurğulanır, Ermənistanın ərazi iddialarından, geosiyasi intriqalardan bəhs olunur. Bildirilir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyi və müstəqilliyi qorunub. Qeyd olunur ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil, suveren və demokratik ölkə kimi Azərbaycan sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə artan rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarını reallığa çevirir.


Create Account



Log In Your Account