Feb 20 2020 10:34
Elshad Aliyev
Views: 49

Çində ötən sutka ərzində daha 394 nəfərin koronavirusun yeni növünə (COVID-19) yoluxduğu, 114 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. Beləliklə, indiyədək virusa yoluxanların sayı 74 min 676, ölənlərin sayı isə 2121 nəfərə çatıb.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 4922 nəfər, sağalıb xəstəxananı tərk edənlərin sayı isə 16 min 182 nəfərdir.

Ötən sutka ərzində baş verən ölüm hallarının 108-i virusun episentri olan Xubey vilayətində, digərləri isə Şanxay şəhərində, Xıbey, Fucien, Şandun, Yunnan və Şansi vilayətlərində qeydə alınıb. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 589 min nəfəri müəyyən edib, onlardan 126 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika, Misir və İranda 930-dən çox yoluxma, 7 ölüm faktı qeydə alınıb.


Create Account



Log In Your Account