Mar 09 2020 13:33
Elshad Aliyev
Views: 107

Tokioda fəaliyyət göstərən “Active International Assosiation” (AIA) qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən Azərbaycan mətbəxi barədə təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Yaponiya paytaxtının Minato-ku rayonunda yerləşən Azabu Kids to-Teens Hall mərkəzində təşkil edilən təqdimat mərasimində Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərgiz Talıbova və Nərminə Aslanova ölkəmiz, onun coğrafi mövqeyi, zəngin mədəniyyəti və tamı ilə bütün dünyaya səs salan mətbəxi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınan və öz keyfiyyəti ilə seçilən bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutmaqdadır.

Təqdimat zamanı yapon xanımların iştirakı ilə Azərbaycan mətbəxinin şahı hesab olunan plov, həmçinin kükü və manqal salatı hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin bu nümunələrinin hazırlanması qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib. Yapon xanımların iştirakı ilə hazırlanan bu yeməklər və Azərbaycan istehsalı olan nar şərabları qonaqlara təqdim edilib. İştirakçılar mətbəximizin nümunələrinin tamına baxdıqdan sonra onlara qoz və gilas mürəbbəsi ilə Azərbaycan çayı da verilib.

Təqdimatın təşkilatçısı AIA qeyri-hökumət təşkilatının sədri Aoki Koh AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycan mədəniyyəti, milli yeməklərin hazırlanmasında birbaşa iştirak etmək məşğələ iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb: “Son illər Azərbaycan Yaponiyada ən çox sevilən ölkələr sırasında yer tutmağa başlayıb. Ölkənizə səfərdən dönən hər kəs xüsusən sizin çox tamlı mətbəxinizdən danışır. Buna görə də qərara gəldik ki, Yaponiyada yaşayan xanımların iştirakı ilə Azərbaycan mətbəxinin təqdimatını keçirək. Gördüyünüz kimi, həm qadınlarımız, həm də dadlı yemək həvəskarı olan kişilər bu tədbirə həvəslə qatılıblar. Çox maraqlı təqdimata görə, həm Nərgiz xanıma, həm də Nərminə xanıma xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycan milli mətbəxinin belə dadlı yeməkləri ilə tanış olmaq çox xoş oldu. Xüsusən plov çox dadlı idi. Kükü və manqal salatı da çox xoşumuza gəldi. Hamısı çox ləzzətli idi. Düşünürəm ki, belə tədbirlər həm Azərbaycanın zəngin mədəniyyətini və mətbəxini Yaponiyada təbliği, həm də xalqlarımız arasında dostluq əlaqələrinin qurulması baxımından çox əhəmiyyətlidir”.

Təqdimat Yaponiyanın J-Com telekanalı tərəfindən də videolentə alınıb.

 


Create Account



Log In Your Account