Nov 19 2019 11:28
Elshad Aliyev
Views: 45

Yaponiyanın paytaxtında keçiriləcək “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar inşa edilən yeni stadionun tikintisi rəsmi olaraq başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 19-da həmin idman obyektinin inşasına cavabdeh olan Yaponiya İdman Şurası məlumat yayıb.

Xatırladaq ki, yeni stadion 1964-cü il Tokio Olimpiadası üçün inşa edilmiş əvvəlki idman arenasının yerində tikilib. Yeni obyektin tikintisinin ilkin mərhələsi Yaponiya cəmiyyətində arzu edilməyən qalmaqalla yaddaşlarda qalıb. Belə ki, stadionun memarı məşhur Böyük Britaniya arxitektoru Zaha Hadid olmalı idi. Lakin bir sıra yapon memarları və məmurlar bu layihənin çox baha olduğunu bildirərək onun əleyhinə çıxıblar. Nəticədə aparılan gərgin müzakirələrdən sonra bu mürəkkəb konstruksiyadan imtina edilib.

Beləliklə, Yaponiya hökuməti tanınmış memar Kenqo Kumanın təklif etdiyi layihəni qəbul edib. K.Kumanın müəllifi olduğu layihə milli və ənənəvi yapon memarlığının xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb. Onun ekoloji təmizliyi və yerli landşafta uyğunluğu da bu layihənin seçilməsinə səbəb olub.

Həmçinin 2016-cı ilin dekabrında tikinti işlərinin başlandığı yeni layihə stadion üçün nəzərdə tutulan xərcləri 2,1 milyard dollardan 1,4 milyardadək azaltmağa imkan verib. 2016-cı ilin dekabrında tikinti işlərinə start verilən yeni stadionun tamaşaçı tutumu 80 mindən 60 minədək azaldılıb.

Yeni Olimpiya stadionunda Oyunların rəsmi açılış və bağlanış mərasimlərinin, həmçinin futbol və yüngül atletika üzrə yarışların keçiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, XXXII Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək davam edəcək. Bu idman bayramının ümumilikdə 2 trilyon yenə (təqribən 17,8 milyard dollar) başa gələcəyi gözlənilir.

Yeni stadionda keçiriləcək ilk kütləvi böyük idman tədbiri isə futbol üzrə İmperator kubokunun final mərhələsi olacaq. Həmin görüşün gələn il yanvarın 1-də keçiriləcəyi bildirilir.


Create Account



Log In Your Account