Mar 30 2021 13:10
Elshad Aliyev
Views: 115

Fevral ayında Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota Motor” korporasiyasının dünya satış həcmi 711 min avtomobilə çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat korporasiyanın martın 30-da dərc olunan hesabatında yer alır.

“Toyota Motor” konserni qrupuna daxil olan “Daihatsu Motor” və “Hino Motors” avtomobil istehsalçılarının realizə etdiyi məhsullarının da daxil olduğu göstərici fevral ayı üçün rekord müəyyən edib. “Toyota” artıq yarım ildir ki, dünya üzrə satılan avtomobillərinin həcminə görə aylıq rekordunu yeniləyir.

Analoji tendensiya istehsalat həcmində də özünü göstərir. Konsern fevral ayında təxminən 668 min avtomobil istehsal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. “Toyota” bunu ilk növbədə Çində pandemiyanın səbəb olduğu tənəzzüldən sonra tələbatın bərpa olunması ilə əlaqələndirir.

Qeyd edək ki, “Toyota” 2020-ci ildə bütün dünya üzrə 9,53 milyondan çox avtomobil sataraq bu göstəriciyə görə digər kompaniyaları geridə qoyub. Yaponiyanın avtomobil nəhəngi sonuncu dəfə bu reytinqə 2015-ci ildə başçılıq edib. Sonradan liderlik Almaniyanın “Volkswagen” konserninə keçib.


Create Account



Log In Your Account