Apr 30 2020 13:28
Elshad Aliyev
Views: 57

TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin proqramı) Daimi Katibliyi tərəfindən təqdim olunmuş yeni növ koronavirusun (COVID-19) yayılmasına yol verilməməsi şərti ilə ən yaxşı praktika əsasında avtomobil nəqliyyatı ilə yükdaşımalara dair vahid tələblərin tətbiq edilməsi layihəsi bu yaxınlarda qəbul ediləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə TRACECA-nın Baş katibi Asef Asavbayev “TransLogistica Caspian” sərgi iştirakçıları üçün hazırlanmış müsahibəsində bildirib.

"TRACECA Daimi Katibliyi COVID-19-un yayılmasına yol verilməməsi şəraitində ən yaxşı praktika əsasında TRACECA ölkələrinə, həmin ölkələrə, ölkələrdən və onların ərazisindən keçməklə avtomobil nəqliyyatı ilə yükdaşımalara dair vahid tələblərin tətbiq edilməsi layihəsinin bu ölkələr tərəfindən bəyənilməsi üçün onların müzakirəsinə təqdim edib. Biz yaxın vaxtlarda həmin ölkələrin dəstəyi ilə bu sənədin qəbul edilməsini planlaşdırırıq", - deyə A. Asavbayev vurğulayıb.

Bununla yanaşı, Baş katib hazırda yer alan maneələrə baxmayaraq TRACECA dəhlizi boyunca bütün marşrutları inkişaf etdirməyin, nəqliyyat baryerlərinin mərhələli şəkildə aradan qaldırılması üçün praktiki addımlar atılmasını istiqamətində səylərin vacibliyini qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqının TRACECA – "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

Bununla yanaşı, 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında "Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.


Create Account



Log In Your Account