Jan 18 2019 12:03
Ferah Sabirqizi
Views: 144

ABŞ prezidenti Donald Tramp davam edən büdcə böhranına görə Amerika nümayəndə heyətinin Davosa -Dünya İqtisadi Forumuna səfərini ləğv edib. Bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin açıqlamasında bildirilir. O qeyd edib ki, 800 mindən çox amerikalı işçinin maaşlarını almaması, həmçinin öz komandasının işini lazımı səviyyədə təmin etmək üçün prezident Dünya İqtisadi Foruma nümayəndə heyətinin səfərini ləğv edib.

Xatırladaq ki, Dünya İqtisadi Forumunda ABŞ nümayəndə heyətinə Donald Trampın başçılıq edəcəyi gözlənilirdi. Lakin o, yanvarın 10-da özünün "Twitter" səhifəsində yazıb ki, Ağ Ev və Konqres arasında Amerika-Meksika sərhədi üzərində nəzarətin güclənməsi ilə bağlı mübahisələrə görə bu səfəri ləğv edəcək. Daha sonra nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın dövlət katibi Maykl Pompeonun başçılıq etməsi gözlənilirdi. Ümumiyyətlə nümayəndə heyətinin getməməsi gözlənilməz qərar kimi qarşılanıb.

Xatırladaq ki, Donald Trampla yanaşı bu il Forumda Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Tereza Mey də iştirak etməyəcək. Onların səfərinin də ölkələrindəki siyasi vəziyyətlə əlaqədar təxirə salındığı bildirilir.

Hər il qışda, İsveçrənin kurort qəsəbəsi olan Davosda təşkil olunan dünya iqtisadi forumu bu il 22-25 yanvar tarixlərində keçiriləcək. Sayca 49-cu olan builki tədbirdə 60-dan çox ölkənin dövlət və hökumət başçısı iştirak edəcək. Almaniya kansleri Angela Merkel, Yaponiya baş naziri Şinzo Abe və Britaniya kral ailəsinin üzvlərinin bəzilərinin də foruma qatılması gözlənilir.

Ümumilikdə tədbirdə 110 ölkədən artıq 3 mindən artıq iş adamı, siyasətçi, araşdırmaçı və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Davosa gəlməsi nəzərdə tutulur. Bu il tədbirin əsas mövzusu “Dördüncü sənaye inqilabı zamanı qlobal nizamı formalaşdırmaq”dır. Bu və digər mövzular ətrafında 350 toplantı və panel müzakirələri təşkil ediləcək. 


Create Account



Log In Your Account