Apr 08 2020 12:39
Elshad Aliyev
Views: 69

ABŞ Maliyyə naziri Stiven Mnuçin bildirib ki, COVID-19 koronavirusunun yayılması ilə əlaqədar başlanmış cari iqtisadi böhran zamanı kiçik biznes üçün kreditlərin maliyyələşdirilməsi məqsədilə əlavə 250 milyard dollar ayrılması haqqında qanun layihəsi qəbul edilməsi planlaşdırılır.

Mnuçin öz Tvitter səhifəsində yazıb ki, ölkə iqtisadiyyatının bərpası üçün lazımlı məbləğin əlavə edilməsi məsələsini Senatın lideri, respublikaçı Mitç Makkonnell, demokratların lideri Çak Şumer, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Nümayəndələr Palatasında respublikaçıların lideri Kevin Makkarti ilə müzakirə edib.

AZƏRTAC xəbər verir ki, daha əvvəl kiçik biznesə 2,2 trilyon dollar həcmində kömək paketi çərçivəsində kiçik müəssisələr üçün kreditlər kimi 350 milyard dollar ayrılmışdı. ABŞ-da işsizlik artdığına görə kiçik biznesə uzunmüddətli maliyyə köməyi tələb olunur.

Prezident Donald Tramp bildirib ki, ABŞ-da kiçik biznes işləri üzrə Administrasiya cümə günü müvafiq proqramın icrası başlanandan bəri təxminən 70 milyard dollar məbləğində 250 minə yaxın kredit sənədlərini araşdırıb. Administrasiya söz verib ki, bu vəsait tükənərsə, əlavə maliyyələşdirmə ayrılması üçün dərhal Konqresə müraciət ediləcək.

Qanunvericilər Vaşinqton hüdudlarından kənarda olduqlarına görə, senatorlar Makkonnell və Şumer qanun layihəsinin şifahi səsvermə yolu ilə qəbul edilməsinə razılıq verməli olacaqlar.


Create Account



Log In Your Account