Jul 18 2019 12:01
Ferah Sabirqizi
Views: 266
Gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağlar tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir. Son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb.
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılmış və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb.
 
Agentlikdən verilən məlumata görə, bununla bağlı geniş elmi hesabat ictimaiyyətə təqdim olunacaq.
 
Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır.
 
Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.
 
Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır.
 
Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması,
 
körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib.
 
Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir.
 
Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2% miqdarında təyin edilmiş və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulub.
 
Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
 
Ekspertlər bildirirlər ki, bütün yağlarda mənşəyindən asılı olmayaraq doymuş və doymamış yağ turşuları var. Yağların fiziki, kimyəvi və fizioloji xüsusiyyətləri ilk öncə tərkibindəki yağ turşularının növü və miqdarından asılıdır. İnsan orqanizmi üçün doymuş yağ turşularından daha xeyirli olan doymamış yağ turşuları əsasən bitki mənşəli yağların tərkibində çox olur. Lakin bitki yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularındakı ikiqat rabitə hidrogenləşdirilir. Hidrogenləşdirmə metal katalizator iştirakında yağın qızdırılması yolu ilə həyata keçirilir. Hidrogenləşdirmə prosesi zamanı karbon zəncirindəki hidrogen atomları sis formadan trans formaya keçir, yağın ərimə temperaturu artır, maye halında olan yağ yarı qatı yaxud qatı hal alır ki, bu yağlara da trans yağlar deyilir.
 
Yağ istehsalı zamanı 240 dərəcə və yuxarı temperaturlarda aparılan emal proseslərinin trans yağların əmələ gəlməsində böyük rolunun olduğu məlumdur. Hətta bişirmə prosesi zamanı qızartma yağlarında da trans yağları əmələ gəlir. Trans yağlar daha çox marqarin yağlarında, unlu qənnadı məmulatlarının hazırlanmasında və qızartma məqsədilə istifadə olunan yağların tərkibində mövcud olur. Məlumdur ki, sərt
 
marqarinlərin tərkibində 10-35, yumşaq marqarinlərin tərkibində isə 8-8.9 faiz trans yağ olur. Trans yağlar biskvit, keks, çips, mayonez və buna bənzər bir çox qida məhsullarının və yağda qızardılmış hazır qidaların (fəst-fud) hazırlanmasında istifadə olunur.
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, gündəlik qida rasionunda trans yağların qəbulu müxtəlif xəstəliklərin əmələ gəlməsində böyük rol oynayır. Belə ki, trans yağlar ürək-damar xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur. Bundan əlavə, araşdırmalar göstərib ki, trans yağlar Altsqeymer, süd vəzi xərçəngi xəstəliklərini inkişaf etdirir, reproduktiv qabiliyyətə təsir edərək hər iki cinsdə sonsuzluq yaradır. Onun ana südü və immun sisteminə mənfi təsir etdiyi də araşdırmalar nəticəsində müəyyən edilib. Hətta ana südü vasitəsilə trans yağ turşularının anadan-körpəyə keçdiyi də sübut olunub.
 
Əvvəllər texnoloji üstünlükləri olduğu üçün tərkibində trans yağın miqdarı çox olan yağlar istehsal edilirdi. Lakin son zamanlarda trans yağ turşularının sağlamlıq üzərində təsirləri araşdırıldıqdan sonra yağların tərkibində onların miqdarının azaldılması prioritet məsələ olub. Bir çox dünya ölkələrində trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənir. Belə ki, hazırda Kanada və ABŞ-ın bəzi ştatlarında qida məhsullarının hazırlanmasında trans yağlardan istifadə qadağan edilib. Avropa İttifaqı və bir sıra digər ölkələrdə məhsulların tərkibində olan trans yağlar üçün ən yüksək hədd 2 faiz miqdarında təyin edilib. 2010-cu ilin əvvəllərində həmin ölkələrin nəzarətedici orqanları məhsullarda trans yağlarının miqdarının mütləq ölçülməsini və qablaşdırmanın üzərində qeyd olunmasını tələb edib.
 
Dünya Səhiyyə Təşkilatı hər il 540 min insanın ölümünə səbəb olan trans yağların qidalarda istifadəsinin qadağan olunması üçün çalışır və bu məsələni 2019-2023-cü illər hədəfləri arasına daxil edib. 
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Create Account



Log In Your Account